Dünyanın ən qapalı ölkəsi sayılan Şimali Koreya Xalq Demokratik Respublikası məhdudiyyətsiz diktaturanın və insan hüquqlarının kobud şəkildə pozulduğu ölkələrin başında gəlir. 24 milyonluq əhalisinin gənc və amansız diktator Kim Çem Inın girovluğunda yaşadığı ölkədən nadir hallarda olsa da bəzi vətəndaşlar qaça bilir.
Hazırda ailəsi ilə Yaponiyada yaşayan keçmiş Şimali Koreya sakini belə azsaylı xoşbəxtlərdən biridir. Yaponiyanın “Asahi Simbun” qəzeti adı təhlükəsizlik məqsədilə gizli saxlanılan qadınla Şimali Koreyadakı həyatı ilə bağlı müsahibə götürüb.
Modern.az həmin müsahibəni ixtisarla təqdim edir.
Asahi Simbun: “Siz Şimali Koreyada necə yaşayırdınız?”
Qadın: Mənim valideynlərim Yaponiyada anadan olmuşdular. Sonra isə tarixi vətənləri olan Şimali Koreyaya geri dönmüşdülər. Burada da evlənmişdilər. Ailədə 5 nəfər idik - valideynlərim, mən və 2 böyük bacım. Biz Rusiya sərhədinə yaxın Tumanqan çayı sahilində yaşayırdıq. 4 yaşından sahədə çalışır, Çin kələmi, xiyar və s. tərəvəz əkirdik. 10 iş günə bir istirahət günümüz var idi. Əyləncəmiz şəkil çəkmək və bazara getmək idi.
1997-ci ildə quraqlıq oldu və məhsulsuz qaldıq. Yeməyə heç nə olmadığı üçün arıqlamışdım. Atam sahədən sarımsağ gətirirdi və “heç olmasa bunu ye” deyərək ağır vəziyyətimizdə ruhdan düşməyə qoymurdu bizi. 1998-ci ildə o öldü və həyat daha da çətinləşdi. Elə atam ölən il çinliyə ərə getdim və Şimali Koreyanı tərk etdim. Sonra anam və bacılarım da bizə qoşuldu”.
Asahi Simbun: “Bəs ölkədən neçə çıxa bildiniz?”
“Bazarda bacımla bir tacir tanış olur. Onun “Çinə getmək istəyirsənmi” sualına müsbət cavab verdim. Koreya bazarlarında qızlara tez-tez belə tacirlər yaxınlaşırlar. Gənc qızlar tez-tez evlərindən yoxa çıxdıqları üçün anlayırdım ki, onları satırlar. Nəticədə, bacım xəstə anamın yanında qaldı , mən isə Çinə getdim. Anlayırdım ki, məni satın alacaqdılar və çinliyə ərə verəcəkdilər, lakin həyatda qalmaq üçün başqa seçimim yox idi.
Apreldə qar əriyən kimi mənə çaydan keçirtdilər və Çinin Xeypunçzyan vilayətinə gətirdilər. Burada koreyalı bir kişiyə ərə getdim. Ətrafda onlarla qız var idi. Onların hamısı mənim kimi Şimali Koreyadan gətirilərək yerli kişilərə ərə verilmişdi. Koreyalı qızların çoxu qaçır, harasa yox olurdular. Onları anlayırdım, Çində həyat çətin idi və onlar zorla ərə verilmişdilər. Tezliklə anam da bizə qoşuldu. Sonra ağır maddi durumda olmağımız səbəbindən Qırmızı Xaç cəmiyyətinə məktub yazdım. Yaponiya səfirliyindən nümayəndələr gəldilər. Valideynlərimin Yaponiyada anadan olduqlarını sübuta yetirə bildiyim üçün onlar mənə sığınacaq verdilər”.
Asahi Simbun: “Şimali Koreyadakı həyatınızdan hansı xatirələr qalıb?”
“İlk ağlıma gələn yeməyə heç nəyin olmaması idi. Yemək yeməyi xoşlasam da heç zaman doyunca yeyə bilmirdim. Yalnız Yeni İldə düyüdən pirojnalar bişirərdik. Lakin onların da içində ət olmurdu. Mənə ən güclü təsir edən hadisələrdən biri atamın dovşan ovlaması və ailəlikcə onu bişirib yeməyimiz olmuşdu.
Həmişə və hər yerdə rüşvət keçirdi. Düyü yox amma pul və siqaret bu işə yarıyırdı. Universitetə girmək üçün rüşvət vermədən keçinmək olmurdu. Əsgərliyə getmək istəmirsənsə yenə rüşvət istəyirdilər.
Qadınların vəziyyəti çox ağır idi. Onlar kişilərlə bir masa ətrafında otura bilməzdilər. 90-cı illərin ikinci yarısında ölkədə aclıq başlayanda qadınlara da kişilərlə bərabər işləməyə və ərzaq payı almağa icazə verdilər. Yemək ərzaq kartları ilə verilirdi. İlk növbədə düyü və qarğıdalı verilirdi. Vəziyyət pisləşdiyindən ərzaq paylarını 3 aydan bir verməyə başladılar, o da ancaq qarğıdalı. Kim İr Senin, yaxud Kim Çem Inın ad günü münasibətilə bizə yağ butulkası da verə bilərdilər. Amma o da sonra aradan götürüldü. İnsanlar küçədə, işdə, sahədə öz aralarında kələm, bibər, duz və düyününü alqı-satqısını aparırdılar. İctimai nəqliyyat yox idi və insanlar işə piyada yaxud qoşqularla gedirdilər”.
Koreyalı qadın hazırda Yaponiyada yaşamasına baxmayaraq həyatının hələ də ağır keçdiyini bildirib. Onun sözlərinə görə, Tokioda restoranlarda 12 saat işləyər və körpə övladlarına lazımi qayğı göstərə bilmir. Lakin Şimali Koreyadan qaçdığına peşman olmayan koreyalı qadın iki Koreya dövlətinin birləşərək azad, demokratik ölkəyə çevrilməsini arzu edib.
Vüqar İsmayılov