Modern.az

Bizə 38 dəqiqə vaxt lazımdır...

Bizə 38 dəqiqə vaxt lazımdır...

5 Avqust 2014, 22:11


Dünya yaranan gündən münaqişə və müharibələr tarixdə bir-birini əvəz edib. Qarşıdurmalar ağılasığmaz dəhşətli məğlubiyyətlərlə, böyük qələbələrlə nəticələnib. Ölçüyəgəlməz itkilərlə sonunclanan müharibələr qalib və məğlub olmasından asılı olmayaraq hər iki tərəfdən milyonlarla insanın həyatına son qoyub.

Dünya tarixində baş vermiş müharibələr səlnaməçilər tərəfindən tarixin yaddaşına yazılıb. Hətta elə müharibə olub ki, Ginnesin rekordlar kitabına düşüb.

1896-cı ilin avqustun 27-də İngiltərə ilə Zanzibar sultanlığının arasında başlanan müharibə 38 dəqiqə davam edərək tarixə ən qısamüddətli müharibə kimi düşüb.

Münaqişə Xalid İbn Bərqaşın Zanzibar sultanlığına yeni hökmdar seçilməsi ilə başlanıb. Belə ki, o hökmdarlığının ilk günlərindən Böyük Britaniya ilə əməkdaşığı dayandırmaq və Almaniya ilə daha yaxın münasibətlər qurmaq qərarına gəlib. İngilisləri qane etməyən bu qərar müharibənin başlanmasına səbəb olub. Britaniyalılar Zanzibar sultanlığına avqustun 27-i saat 9-a qədər təslim olmaqları ilə bağlı ultimatum göndəriblər. Lakin Xalid İbn Bərqaş bu ultimatuma məhəl qoymayıb.

Həmin dövrdə sultanlığın 2800 nəfərdən ibarət ordusu və cəmisi bir topu olan bir hərbi gəmisi olub. Hərbi qüvvələrin qeyri-bərabər olduğu belə şəraitdə təbii ki, ingilislər sultanlığı çox asanlıqla məğlubiyyətə uğradıb. Müharibə 38 dəqiqə davam edib. Zanzibar sultanlığı bu qısa müharibədə 570 nəfər döyüşçüsünü itirib. İngilislərin isə heç bir itkisi olmayıb.

Sözsüz ki, güclü ordusu, iqtisadiyyatı və düşünülmüş siyasəti olmayan Zanzibar sultanlığı üçün bu məğlubiyyət labüd idi.

Bu tarix təkrar oluna bilər. Ancaq bu dəfə fərqli zamanda və fərqli məkanda. Hər halda bu haqda Ermənistan rəhbərliyinin düşünməyə hələ ki, vaxtı var. Bu vaxtdan istifadə edib erməni rəsmiləri hər iki ölkənin iqtisadi, hərbi, siyasi vəziyyətini müqayisəli şəkildə təhlil etsələr kifayətdir ki, öz mövcudluqlarının sonuna hökm verməkdən imtina etsinlər.

O ki qaldı Azərbaycana, bizə cəmisi 38 dəqiqə vaxt lazımdır...

İlham Cəmiloğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu