“Həsən Həsənovun ailəsinin bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə ünvanladığı məktub dünən ünvanına çatıb. Həmin məktubu da Şeyxə təqdim etmişik. Məktub baxılma mərhələsindədir”.
Bu barədə Modern.az-a Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. “Müraciət müzakirə olunur. Nəticə barədə məlumat veriləcək. Nəzərə almaq lazımdır ki, bu, kiçik məsələ deyil”, - deyə mətbuat xidmətinin rəhbəri əlavə edib.
Qeyd edək ki, işğal olunmuş Kəlbəcər rayonunda girov düşərək ermənilər tərəfindən öldürülən Həsən Həsənovun artıq dəfn olunmuş meyitinin qaytarılması üçün ailəsi QMİ rəhbərinə müraciət məktubu ünvanlayaraq meyitin ermənilərdən geri alınması üçün kömək istəyib. Bu barədə Həsənovlar ailəsinin üzvü Nail Həsənov Modern.az-a məlumat verib.
Əlavə edək ki, Həsən Həsənov, Şahbaz Quliyev və Dilqəm Əhmədovla birlikdə işğal altında olan Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüşdü. Həsənin öldüyü açıqlansa da, erməni tərəfi onun meyitini Azərbaycana qaytarmadı, BQXK-nin nümayəndəsinin iştirakı ilə dəfn etdiklərini bildirdilər. Buna bəhanə olaraq isə meyiti saxlamağa texniki imkanlarının olmadığını açıqladılar. Digər iki şəxs isə hələ də girovluqdadır.
BQXK-nin Bakı nümayəndəliyi isə hələ də dialoqları davam etdirir...
Gülşən RAUFQIZI