Modern.az

“Qürbətin doğma məzarları”: İslamdan imtina etmiş azərbaycanlı alimin Bakı həsrəti çəkən qəbri

“Qürbətin doğma məzarları”: İslamdan imtina etmiş azərbaycanlı alimin Bakı həsrəti çəkən qəbri

Mədəniyyət

6 Avqust 2014, 11:00

O, Azərbaycan şərqşünaslıq elminin banilərindən olmasına baxmayaraq, yalnız bir detalla xatırlanır – xristianlığı qəbul etdiyinə görə! Amma ərəb və fars dilinin qrammatikasını yazan, İslam dininin əsil mahiyyəti uğrunda yorulmadan mübarizə aparan və bu məqsədlə “Quranın ahəngi”, “Bab və babilik”, “Müridizm və Şamil “ əsərlərini ərsəyə gətirən bu şəxs elə qərib yerlərdə həyatına vida dedi. Modernist şərqşünasa Şərq hər zaman laqeyd qaldı.

Modern.az saytında “Qürbətin doğma məzarları” rubrikasında Azərbaycanın ilk şərqşünas alimi, maarifçi Mirzə Kazım bəydən danışılacaq.

Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü olan Mirzə Kazım bəy (Aleksandr Kazımoviç Kazımbek) həm də Qafqaz şeyxülislamının oğlu idi. Əslən Dərbənddən olan atası işgüzar səfər üçün Rəşt şəhərinə gələrək, orada Şərəfnisə xanımla evlənib və bu evlilikdən Məhəmməd Əli adlı oğulları olub. Gələcəkdə Qərb dünyasına İslamın, eləcə də Şərqin modernist çalarlarını çatdıracaq məşhur Məhəmməd Əli Kazım bəyə gedilən yolda xeyli çətinliklər çəkir.
Gənc yaşlarından atasından tutmuş bir çox yaxınları onunla əlaqəni kəsir, onu əsassız surətdə tənqid hədəfinə çevirir. Amma cəmi 12 yaşında ərəb-fars dillərini öyrənən 17 yaşında isə bu dillərin qrammatikasını yazan şərqşünas yüksək mübarizə ruhunun hesabına bir çox sınaqlardan üzüağ çıxır. Mirzə Kazım bəyin tək-tük tərcüməçilərindən olan Bakı Dövlət Universitetinin tarix fakültəsinin əməkdaşı Sevinc Qasımova da şərqşünas-alimi tanıtmaq yolunda bizə yardımçı oldu. O, düşünür ki, Kazım bəy lazımı qədərincə təbliğ olunmasa da, başqa alimlərə baxanda qənaətbəxşdir:

“Mirzə Kazım bəy Azərbaycanı dünyaya tanıdan bir şəxsiyyət olub. O həmişə də xatırlanır. Tarix fakültəsində və Azərbaycanın tarix kitablarında onun adı həmişə çəkilir. Hətta qəbul imtahanlarına düşəcək suallardan biri də Mirzə Kazım bəylə bağlı olur. Gündəmdə olacaq bir şəxsiyyətdir ki, həmişə diqqətdədir. Mən Kazanda konfransda olanda orada olan insanların Mirzə Kazım bəyə olan sevgisinin şahidi olmuşam. Mirzə Kazım bəy Kazan universitetində dərs dediyinə görə, orada oxuyan tələbələr sanki babaları imiş kimi, onunla fəxr edirdilər. Halbuki, mən burada auditoriyada onunla bağlı danışanda, uşaqlar yalnız onun bir tərəfini düşünürdülər“.

Rubrikanın əsas ana xətti olan qürbətdəki  məzardan danışmağa başlayarkən deməliyik  ki, o,  Sankt-Peterburqun Pavlovsk məzarlığında torpağa tapşırılıb.
1870-ci ildə vəfat edən alim öz ölümündən qabaq bir neçə ağır itkilərlə üzləşdiyindən mənən sarsılmışdı. Yoxsul rus zadəgan ailəsinin qızı Praskovya Kostlivseva ilə evləndikdən sonra Mirzə Kazım bəyin həyatına sanki bir növ işıq gəlmişdi. Qürbət eldə ailəsindən başqa bir yaxını olmayan Kazım bəy 1854-cü ildə ailə faciəsi ilə üzləşib. Belə ki, alimin həm xanımı, həm də iki azyaşlı oğlu dünyasını dəyişib. O, 16 il mənəvi sarsıntı əhatəsində yaşayıb. 

Hazırda onun məzarı Sankt-Peterburq şəhərindədir. Yəqin ki, Sankt-Peterburqa gedən azərbaycanlılar onun məzarını ziyarət edirlər. Kimin imkanı varsa, gedib onun məzarını ziyarət edir.

Mirzə Kazım bəy Azərbaycan şərqşünaslığının patriarxıdırsa, demək ki, Azərbaycan elmi üçün hər şey edib. Onun 110-dan çox əsəri var ki, onların hamısı şərqşünaslıq elmi üçün yararlıdır. Mirzə Kazım bəy XIX əsrdə çar Rusiyasının tüğyan etdiyi bir zamanda türklər üçün mühüm işlər görübsə, deməli, o bütün gücü ilə çalışıb.

“Mirzə Kazım bəyin arxivləri hər iki şəhərdə – Kazanda və Sankt-Peterburqda var. Hər halda Britaniya kraliçası ona brilyant üzük, qızıl medal veribsə, Demidov mükafatı alıbsa, mənə elə gəlir ki, Mirzə Kazım bəy Azərbaycan elminin inkişafına böyük xidmətləri olan şəxs kimi tanınır. Doğrudan da onun elmi irsi öyrənilir. Mirzə Kazım bəyin elmi irsi Dərbənddə də geniş öyrənilir. Bəlkə də onu Azərbaycanda tanıtmaq üçün bizdə qorxu hissi var. Çünki Mirzə Kazım bəy xristianlığı qəbul etdiyinə görə bir sıra təbəqələr bundan çəkinirlər.
Hər halda Tolstoy və Çernışevski kimi dahilərə türk dilini öyrədən bir alimin öz vətənində yad edilməsi çox gözəl olardı. Çox istərdik ki, Mirzə Kazım bəyin ev muzeyi də olsun. Mən Kazanda Mirzə Kazım bəyin ev muzeyində otağında oldum. Bir kəlmə rus dilində bilmədiyi halda, orada fars dilində, türk dilində , ərəbcə danışırdılar. Həmin otaq indi tələbələr üçün auditoriya kimi saxlanılır. Amma bu gün Mirzə Kazım bəy haqqında danışanda çox insanın dediyi ilk cümlə o olur ki, xristianlığı qəbul edib. Onun haqqında danışmayaq və susaq. Ancaq bu belə deyil. Yazıların hamısında Mirzə Kazım bəy deyib ki, mən azərbaycanlı olduğum üçün fəxr edirəm. Azərbaycan dilinin və türk dilinin qrammatikasını o yazdı. O qrammatika ki, 1839-cu ildə yazılıb, ancaq XX əsrin 20-30-cu illərinə qədər bütün Avropa dövlətləri ondan dərs vəsaiti kimi istifadə etdilər. Əlimərdan bəy Topçubaşovun xidmətləri daha çoxdur. Ancaq onun məzarı Fransadadır. Bu gün Mirzə Kazım bəyin məzarının Azərbaycana gətirilməsi, dövlət səviyyəsində olan mövzudur. Hansı vətəndaşdan soruşsaq ki, azərbaycanlı vətəndaşımız xaricdə dəfn olunub, onun nəşini gətirmək haqqında hər kəs müsbət rəy verər. Ancaq yenə də bu məsələlər barəsində dövlət səviyyəsində qərar verilməlidir”- Bakı Dövlət Universitetinin tarix fakültəsinin əməkdaşı Sevinc Qasımova deyir.

Elmin Nuri
Ulduz İbrahimova 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi