Modern.az

Deputatdan təklif: “Cəbhə bölgələrinə diqqət artırılmalıdır”

Deputatdan təklif: “Cəbhə bölgələrinə diqqət artırılmalıdır”

6 Avqust 2014, 12:22

Bir müddət öncə millət vəkili Elman Məmmədov Azərbaycanın cəbhə bölgələrində yaşayan insanların rifahının yaxşılaşdırılması üçün müəyyən güzəştlər nəzərdə tutan qanun layihəsinin qəbulu haqda Milli Məclisdə təkliflə çıxış etmişdi.

Ancaq deputatın təklifi Milli Məclisdə keçməmişdi. Cəbhədəki son hadisələrdən sonra deputat məsələni yenidən qaldıracaq: “Həmin məsələ bu gün də öz aktuallığını itirməyib. Mən belə hesab edirəm ki, vətəndaşlarımızın cəbhəyanı bölgələrdə həyat şəraitinin yaxşılaşdırılması çox vacib məsələdir. Bunun üçün həmin yerlərdə yeni iş yerlərinin açılması, onlara sosial sahələrdə müəyyən imtiyazların verilməsi, xüsusilə də gənc mütəxəssislər, müəllimlər, həkimlər üçün stimullaşdırıcı amildir”.

E. Məmmədov əminliklə bildirib ki, dövlətimiz, dövlət başçımız bu istiqamətdə müəyyən işlər görəcək: “Çünki orada olan gərginlik, iş yerlərinin az olması və ya olmaması, eləcə də müəyyən səbəblər bəzən gənclərimizin, gənc mütəxəssislərimizin həmin sərhədyanı bölgələrdən köçüb, şəraiti daha yaxşı olan yerlərə və şəhərlərə getməsinə səbəb olur. Ona görə də biz həmin insanların, xüsusilə də kənd yerlərində yaşayanların vəziyyətini və şəraitini yaxşılaşdırmalıyıq ki, onlar köçüb getməsinlər. Həmin bölgələrimizdə insan azlığı hiss olunmasın. Bunun üçün əlimizdən gələni etməliyik”.

 

Ulduz İBRAHİMOVA

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza