“O, belə bəyanatları ilə iki ölkənin münasibətlərində gərginlik yaratmağa çalışır. Ona görə də Saakaşvilinin sözlərinə heç kim əhəmiyyət vermir”.
Bu fikirləri Modern.az-a Gürcüstanın sabiq prezidenti Saakaşvilinin ötən günlərdə “Gürcüstan yaxın zamanlarda Azərbaycan üçün təxribat törədəcək” açıqlamasına münasibət bilidirən Gürcüstan parlamentinin azərbaycanlı deputatı Əli Məmmədov deyib.
Xatırladaq ki, hazırda ABŞ-da olan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili “Rustavi 2" kanalına müsahibəsində demişdi ki, Tbilisidə Əliyevə qarşı çıxış edən İvanişvili kimi rusyönlü insanlar oturub. O bildirmişdi ki, bir neçə həftə bundan qabaq fəaliyyəti Azərbaycan prezidentinə qarşı olan Rusiyanın FTB-sinin nümayəndəsi Bidzina İvanişvili ilə görüş keçirib.
Ə.Məmmədov isə deyir ki, Saakaşvilinin belə mənasız və boş bəyanatları çoxdur.
“Gürcüstün heç vaxt belə bir şey edə bilməz. Azərbaycan 1 nömrəli strateji tərəfdaşımızdır, həm qonşu, həm də qardaş dövlətdir. Bu adam nəinki Azərbaycanla Gürcüstanın, həmçinin Avropa və Amerika ilə də aranı vurmağa çalışır”.
Məltəm Talıbzadə