Haydı, vətən oğulları,
Sən də xalqım, eşit məni...
Öz qanında boğulmalı,
Soyumuzun qan düşməni...
C.Novruz
Xalq şairi Cabir Novruzun bu misraları bu gün hər bir azərbaycanlı, hər bir Vətən övladı üçün bir çağırışdır. Düşmən tapdağında olan torpaqlarımız bu gün qan ağlayır, intiqam deyə hayqırır, qısasa çağırır. Dünya birliyinin gözü qarşısında azğınlaşan, insanlıq simasını itirən, erməni vandalları Azərbaycanın əzəli, əbədi torpaqlarını havadarlarının köməkliyi ilə işğal edərək, insanlığa sığmayan, bəşəriyyət tarixində misli görünməmiş cinayətlər törədib. Lakin onlara bəsdir,dur deyən beynəlxalq təşkilat, nəhəng dövlətlər “tapılmır” ki, “tapılmır”. 20 ildən artıq bir müddətdə özündə münaqişənin sülh yolu ilə həlli ehtiva edən səmərəsiz danışıqlar xalqımızın səbr kasasını həqiqətən də doldurub, beynəlxalq qurumlara inamsızlıq yaradıb. Əslində onlar Azərbaycana münasibətdə sözün əsl mənasında ikili standart nümayiş etdirirlər. Boş sözlərdən, yalançı vədlərdən “doyan” Azərbaycan xalqı ümid yolunu yalniz və yalniz Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü, uzaq görən daxili və xarici siyasətində, onun ətrafında sıx birləşməkdə görür. Cənab İlham Əliyev dünya standartlarına cavab verən, düşmən həmləsini hər an dəf etməyə hazır olan modern ordu qurulmasına nail olub. Həyata keçirilən düzgün ordu quruculuğu Azərbaycan əsgərinin qəhrəmanlıq, fədakarlıq göstərə bilmək qüdrətinə malik olmasını dünyaya nümayiş etdirir.
Hələ uşaq ikən, orta məktəbdə oxuyan zaman Xalq şairi Süleyman Rüstəmin bu misraları hər birimizin dillər əzbəri olub:
Gözümü dünyaya açanda ilkin
Anamı görmüşəm, səni görmüşəm.
Əhdinə vəfalı bir oğul təkin
Döyünən qəlbimi sənə vermişəm.
Bəli bu gün qəlbində Vətən məhəbbəti, Vətən sevgisi olan, vəfalı,cəsur oğullarımız orduda, səngərdə, ön cəhbədə Vətən torpaqlarını düşmənlərdən ləyaqətlə qoruyurlar. Düşmən həmlələrini qəhrəmanlıqla dəf edir, sücayət, mətanət, rəşadət nümayiş etdirirlər. Hər dəfə analar oğullarından ordudan, cəhbədən məktub alanda və onlara cavab yollayanda S.Rüstəmin bu misraları necə də yerinə düşür:
Yazdığın məktubu basdım bağrıma;
Orda özün varsan, qəlbin var, oğlum.
Dedim ki, ey ürək ,daha ağrıma
Elləri bəladan qurtarar oğlum!
Bilirəm, alınmaz qalasan , qala,
Vuruş igid bala, mehriban bala.
Yazırsan-düşməni salmışam dara,
Vur, başına dönüm, vur qadan alım.
Yazırsan-sağalıb aldığım yara.
Qanadlan, ey mənim dağlar qartalım!
Əmdiyin süd sənə halaldır, halal!
Görüm uzaq olsun başından zaval!
...Vuruş ki, ötməsin dir daha bayquş!
Sən hər gün arxadan arxayın vuruş!
Tarix boyu Azərbaycan oğulları cəbhədə, döyüşlərdə qəhrəmanlıq göstərərək, şəhidlik zirvəsinə də qalxıblar. Acı da olsa bu gün Vətən torpaqlarını bədxah düşmənlərdən xilas edən mərd, qorxmaz, igid oğullarımız şəhid olurlar. Həyatda ən gözəl müqəddəs, yeri daim cənnət-məkan olan ölüm- Şəhid olmaqdır. Hər bir insan bu müqəddəs şəhidlik zirvəsinə çata bilmir. Mübariz İbrahimov kimi şəhid olmağı özlərinin həyat amalına çevirən mərd oğullarımız Azərbaycan torpaqlarını düşmənlərdən qoruyaraq şəhid olurlar. Onların sırasında İsa Almazov, Pərvin Əliyev, Rahil Hüseynov, Elçin Əhmədov, Sənan Quliyev, Qaryağdı Əhmədov, Səttar Məmmədov, Əli Rəhimov, Mustafa Coşqunov, Hüseyn Abdulov, Elnur İbrahimov, Vüqar Poladov, Anar Qafarzadə kimi oğullarımız gözlərini əbədi yumaraq, vətənimizin gələcək səadəti uğrunda Azərbaycan bayrağını Şəhidlik zirvəsinə “sancaraq” ölməzlik, əbədilik qazandılar.
Biz hamımız bu qəhrəman, cəsur Vətən oğulları ilə fəxr edir, onların parlaq, həmişəyaşar xatirələri önündə baş əyirik. Damarında Azərbaycanlı qanı, türk qanı axan hər bir vətəndaşımız bu əziz şəhidlərimizi hec bir zaman unutmayacaq. Buna əminik. Belə igid, qəhrəman oğullar dünyaya gətirən mərd, qeyrətli anaların əllərini öpür, onlara səbr, dözüm diləyirik. Vətənimiz sağ olsun.
Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, ATƏT- in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın təbiri ilə desək: “Matəm libası geyinib düşməni sevindirə bilmərik. Bütün imkanlarımızı səfərbər edərək bizə olan hər cür hücumlara cavab verməyə qadir olduğumuzu ortaya qoymalı və düşməni sevindirməməliyik. Qanı tökülən Vətən oğullarının qisasını almalıyıq.” Sona qədər soyuqqanlı, olacağıq. Göz yaşlarını-sevinc yaşlarını Qələbə günündə axıdacağıq. O gün isə uzaqda deyil. Yaxındadır:
Gün o gün olcaq, o gün gələcək,
Bəşər dincələcək, həyat güləcək.
Bu misraların müəllifi xalq şairi Süleyman Rüstəmin şəhid analara xitab etdiyi “Mücahidlər nəğməsi” şeri ilə onlara səbr diləyirəm:
Biz gedirik azadlıqcün döyüşə,
Sinələri dağlamayın analar!
Şəhid olsaq yaşarmasın gözünüz
Başa qara bağlamayın, analar!
Bir vaxt deyib-gülənlərin yasını,
Düşmən bağrı dələnlərin yasını,
Bu günlərçün ölənlərin yasını,
Uzun illər saxlamayın, analar!
Unudulmaz azadlıqçün ölənlər,
Bizi anar bizdən sonra gələnlər –
Bizim kimi el qədrini bilənlər,
Ağlamayın, ağlamayın, analar!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Azərbaycan xalqının başı sağ olsun!
Qafar Əsgərzadə
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Pedoqogika üzrə fəlsəfə doktoru