Avqustun gəlməsin ilə start götürülən və ikinci Qarabağ savaşının ilk cücərtiləri olan məlum hadisələr zamanı media bir çox qüsurlarla yadda qaldı. İnformasiya mübarizəsində rəqibinə uduzmamaq, operativlik xətrinə ilkin cəhd etmək və s. səbəblərdən media orqanları cəbhə boyu yaşanan gərginlik barədə dezinformasiyalar yaymaqdan çəkinmədi. Modern.az bu istiqamətdə yeni yaradılan Azərbaycan Hərbçi jurnalistlər Təşkilatının sədri, hərbi-jurnalist Tamxil Ziyəddinoğlu ilə həm bu istiqamətdə həm də yeni yaradılan , bu gün üçün vacib olan QHT-si barədə etdiyi söhbəti sizlərə təqdim edir:
- Müharibə şəraitində qeyri peşəkarlar, təcrübəsiz jurnalistlərin sayı gündən günə artır. Belələrinin savadsızlığından yararlananlar Müdafiə Nazirliyi və digər güc orqanlarının mətbuat xidmətlərinin jurnalistlərlə düzgün iş qura bilməməsindən istifadə edib bəzi məqamlarda ifrata vardı, ordu quruculuğuna qara yaxdı. Bir çox məsələlərlə bağlı saysız hesabsız dezinformasiyalar yayırlar. Cəbhədə baş verən son hadisələr bunu bir daha sübut elədi.
- Sizin təşkilat da bu zərurətdən yatandı?
- Amma bu ideyanın doğma səbəbi konkret bir faktla əlaqəlidir. Deməli bir gün Daxili Qoşunların N saylı hərbi hissəsinə çəkilişə getmişdik. On vaxtkı komandan indi bizim müdafiə nazirimiz olan general-polkovnik Zakir Həsənov idi. Yeməkxanadan çəkiliş edəndə müxbirlərin biri aşpaza belə bir sual verdi: Gündə neçə “pors” yemək bişirirsən. “Pors” da adam başına verilən yemək idi. Bunu deməklə şəxsi heyətin sayını da deyə bilərdilər. Aşpaz-gizir təcrübəsiz olduğundan rəqəmi demək istəyirdi. Amma ona imkan vermədim. Dedim, gizir, hərbi sirri deyirsən. Məhz bu fakt mənə belə bir ideyanın bağışladı ki, hərb aləmi üçün təcrübəsiz olan jurnalistlər üçün belə bir təşkilat yaradaq . Çünki jurnalistika fakültələrinin heç birində hərbi jurnalistika dərsi keçirmir. O sahədə təcrübəsi olanlar da vaxtilə könüllü cəbhəyə, müharibəyə gedib orda təcrübə yığanlardır. Odur ki biz düşündük ki, təşkilatın xətti ilə treninqlər, görüşlər keçirib bu sahədəki boşluğu dolduraq.
- Nə zaman qeydiyyatdan keçdi və hazırda neçə üzvi var?
- Təsis yığıncağımız 2013-cü ildə keçdi. Qeydiyyat məsələsinə gəldikcə isə bir müddət bundan əvvəl Mətbuat Şurasında hərbi məsələlərə aid bir kitabın təqdimatı keçirilirdi. Mən də ayağa durub təşkilat haqqında danışdım. Dedim ki. Təşkilatımızı qeydiyyatdan keçirtmək istəyirəm. Əflatun Amaşov sağ olsun məsələyə çox operativ yanaşdı. Elə orada Ədliyyə Nazirliyinə zəmanət yazdı. Hazırda nazirlikdə sənədlərin araşdırılması gedir , ondan sonra rəsmən qeydiyyatdan keçəcək. idarə heyətimizdə tanınmış jurnalist, ehtiyatda olan polkovnik Elşad Qoca, ordu qəzetində işləyənlər, Əbülfət Qasımov, Vahid Məhərrəmli Arif Pənahlı, Əlisəftər Hüseynov var. Sıralarımıza qatılanlar çoxdur. Hamısının adını çəkmək mümkün deyil. Qeydiyyata alınma məsələsi ortaya çıxandan sonra üzvlük üçün müraciət edənlərin sayı çoxdur. Amma bura başqa QHT-dən fərqlidir. Çünki bir xeyli dövlət strukturları ilə əlaqələr qurulacaq, ortada hərbi sirlər olacaq, odur ki, biz cilalama aparandan sonra üzvlüyə daxil edəcəyik.
- Birinci Qarabağ savaşında bir çox hərbi jurnalistlərimiz iştirak edib. Onlara təşkilata qoşulmaq üçün müraciət edəcəksinizmi?
- Biz təbii ki müəyyən döyüş təcrübəsi keçmiş, savaşda iştirak edən o yolları artıq geridə qoyan təcrübəli döyüşçü jurnalistlərimizi sıralarımıza qatacağıq. Onlarla ideoloji istiqamətdə iş görmək bizə də maraqlıdır. Məsələn, Mahir Süleymanov kimi təcrübəli döyüşçü jurnalistlərdən ideoloji təbliğat məqsədilə çox yaxşı istifadə etmək olar.
- Təşkilatın adına da diqqət edək. Biz həmişə hərbi jurnalist birləşməsini işlətmişik. Amma yeni təşkilatınızın adı hərbçi jurnalistlər adlanır. Bu barədə daha ətraflı danışa bilərikmi?
- Hərbi sözü geniş mənada işlənir. İnsana hərbi sözünü demək o qədər də düzgün deyil. Amma hərbçi jurnalist deyərkən onun birbaşa peşə ixtisasını deyirsən. Məncə bu variant daha doğrudur. İdman jurnalisti deyirlər amma idmançı jurnalist demirlər. Amma biz bir çox adamlarla məsləhət etdik, onlar da təcrübələrinə güvənib məsləhət gördülər ki. Hərbi yox hərbiçi jurnalistlər deyilməsi daha düzgün olardı.
- Təşkilata üzv olmaq üçün hansı kriteriyalara riayət etmək lazımdır?
- Yeganə kriteriyamız vətənpərvərlikdir. Jurnalist də qələmi ilə əqidəsi ilə döyüşür. O bunlarla döyüşə əsgərləri mübarizələrə səsləyir.
- Son hadisələr zamanı cəbhə xəttindən dezinformasiyaların yayılmasını nə ilə əlaqələndirirsiniz?
- Mən bunu ora gedən jurnalistlərin bəlkə də vaxtından qabaq sevincək olmaları ilə əlaqələndirirəm. Görürsən ki təmas nöqtəsində texnikanın yerini dəyişirlər bu da yazır ki ordu düşmən üzərinə hücuma keçdi. Təbii ki, burada təcrübəsizlik də var. başqaları da səhv informasiyanı olduğu kimi tirajlayırlar. Audio-video görüntülərin yayılması yolverilməzdir. Amma bizimkilər sosial şəbəkələrdə bunları edirlər. Amma bilmirlər ki sosial şəbəkələrdə maskalanmış insanlar var ki onlar sakit-sakit öz işlərini görürlər. Azərbaycanın əleyhinə kəşfiyyat işlərini həyata keçirirlər.
Bir məsələ də var ki, təcrübəsiz gənc bir əsgər qohumlarının yanında nəyisə danışır, onlar da bunu başqalarına danışır belə-belə sosial şəbəkələrə yol açır. Amma bunların hamısı düşmən kəşfiyyatının xeyrinə işləyən faktlardır. Maşın karvanlarını çəkirlər, az qala maşının seriya nömrəsi də orada görsənir. Belə çıxır ki, biz könüllü olaraq düşmən kəşfiyyatına özümüz xidmət edirik. Olmaz belə!
- Təşkilat cəbhə xəttində treninq keçirəcəkmi?
- Özümüz hələ bu təşkilat yaranmışdan qabaq 2000-ci ildən bu yana cəbhə xəttində, təmas nöqtələrində olmuşuq. Bu sahədə yetərin qədər təcrübəm var.
Elmin Nuri