“Cəbhədəki son hadisələr bir daha göstərdi ki, Ermənistan beynəlxalq hüquq normalarına tabe olmur, BMT-nin Təhlükəsizlik Şurasının qərarlarını yerinə yetirmir, sülhə sadiq deyil. İkinci bir tərəfdən bu hadisə sübut etdi ki, beynəlxalq aləm ədalətli vasitəçilik aparmır. Terrorçunu, işğalçını adıyla çağırmır. Üçüncü bir məqamla sübut olundu ki, Azərbaycan ordusu 1990-93 illərdəki ordu deyil, Azərbaycan əsgəri şəhidinə qarşı dörd-beş düşmən əsgərini məhv etmək gücündədir. Əgər müharibə başlayarsa, (bu qaçılmazdır) Azərbaycan ordusu öz gücünə torpaqları işğaldan azad edəcək”. Bunu Modern.az-a açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib.
E.Həsənlinin sözlərinə görə, müstəqil qurumlar özünü müharibəyə hazırlamalıdır: “Bu prosesdən Ermənistan nəticə çıxarmalı, regionda bir dövlət kimi mövcud olmaq istəyirsə torpaqları azad etməlidir. Dünyada sülhü təmin etmək istəyən təşkilatlar da bundan nəticə çıxartmalıdır ki, hər an regionda müharibə başlaya bilər. Onlar sülhü istəyirsə, insan hüquqlarının qayğısına qalmaq istəyirsə, vasitəçilik etməlidir. Azərbaycan ictimaiyyəti olaraq indiki halda bu sınaqdan üzüağ çıxdıq. Hamımız ordumuzu dəstəklədik, şəhidlərimizin yasında olduq. Allah şəhidlərimizə rəhmət etsin. Onlar vətənin, dövlətin itkisidir. Allah yaralılarımıza da şəfa versin. Media da bütövlükdə ordumuza dəstək verdi. Bəzi istisnalar da ürək ağrıtdı ki, peşəkarlıqdan kənar yazılar, fikirlər oldu. Buna yol vermək olmaz və həm mətbuat, həm qeyri-hökumət təşkilatları, həm də bütün dövlət qurumları müharibə dövrünün qanununa uyğun işləməlidir. Bu hadisələr bir daha onu sübut edir ki, hər an müharibə başlaya bilər və müharibə dövrünə bütünlükdə dövlətimiz, ordumuz hazır olduğu kimi müstəqil qurumlar da özünü hazırlamalıdır”.
Misranə Həsənzadə