Modern.az

Yeni tələbələr təhsilhaqqını nə vaxt ödəməlidir? – Universitetlərdən CAVAB

Yeni tələbələr təhsilhaqqını nə vaxt ödəməlidir? – Universitetlərdən CAVAB

7 Avqust 2014, 18:25

Dünən ali məktəblərə qəbul olanların adları açıqlandı. Nəticəyə görə, ixtisas seçimində iştirak etmiş 35995 abituriyentdən 33623 nəfəri ali təhsil müəssisələrinə qəbul olub. Tələbə adı qazanmış şəxslər avqustun 8-dən 18-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Ödənişli əsaslarla qəbul olmuş abituriyentlər qeydiyyatdan keçərkən təhsil haqqını da ödəməlidir. Modern.az bəzi ali təhsil müəssisələri arasında təhsil haqqını necə tələbə etməkləri ilə bağlı sorğu keçirib.

Azərbaycan Dövlət Neft Akademiyası: “Ödənişli əsaslarla qəbul olan tələbələr qeydiyyatdan keçərkən birinci il tam ödəniş etməlidirlər. Növbəti illərdə hissə-hissə də ödəniş edə bilərlər”.

Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova: “Bizdə tələbə qeydiyyatdan keçərkən birinci il ondan ödənişi tam ödəmək tələb olunur. Ancaq tələbə növbəti illərdə hissə-hissə ödəniş edə bilər”.

Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Ceyhun Vəliyev: “Universitetimizə ödənişli əsaslarla daxil olmuş tələbəyə qeydiyyatdan keçərkən təhsil haqqının əlli  faizini ödəmək, 50 faizini  isə ikinci semestrdə ödəmə imkanı verilir. Bu sistem növbəti illərə də şamil edilir”.

Bakı Slavyan Universiteti: “Yeni qəbul olanlar qeydiyyatdan keçərkən ödənişi tam ödəməlidir. Həmin məbləğ növbəti illərdə yarıbayarı ödənilə bilər”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat xidmətinin rəhbəri Mənsur İbrahimov: “Pedaqoji Universitetə ödənişli əsaslarla qəbul olan tələbələr birinci il təhsil haqqını tam ödəyirlər. Sonrakı illərdə isə onların təhsil haqqını hissə-hissə ödəməsinə imkan yaradılır”.

Azərbaycan Dövlət İqtisad Universiteti: “Tələbələr birinci il təhsil haqqını tam ödəməlidirlər. Sonrakı illərdə isə hissə-hissə ödəyə bilərlər”.

 

Misranə Həsənzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi