Trakyadan gələn yağışlı hava İstanbulda ciddi fəsadlara səbəb olub. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstanbulda günün günorta baş verən fırtına və leysan şəhəri iflic edib.
Məlumatda qeyd edilir ki, saat 19.50 etibarilə meteoloqlardan yeni bir xəbərdarlıq gəlib. Həm Mərmərə bölgəsi, həm Ankarada güclü yağış gözlənilir. Meteoroloqların açıqlamasında deyilir: “Mərmərədə hələ də davam edən göy gurultulu leysan yağışların bölgənin şimal və şərqində (İstanbul, Yalova, Kocaeli, Sakarya, Biləcik, Kırklarelinin şərqi və Balıkesirin şimali) lokal olaraq qüvvətli olması gözləndiyindən yaşanacaq problemlərə qarşı (lokal dolu, sel, su basqını, ildırım, yağış anında güclü külək və s.) diqqətli və tədbirli olunması lazımdır”.
Digər məlumata görə, göy üzü birdən qaranlığa bürünəndən sonra yağış və fırtına gəlib. Sonra şimşəklər çaxmağa başlayıb, bəzi yerlərə ildırım düşüb.
Güngörəndə həddindən artıq yağış səbəbindən çaya dönən yollarda qalan vətəndaşlar çətin anlar yaşayıb. Yağış o qədər güclü olub ki, bir anda bir çox ev və iş yerini və zirzəmiləri su basmağa başlayıb. Vətəndaşlar dükanların önünə yaratdıqları maneələrlə su basqınlarını əngəlləməyə çalışıb. Elektrik və internet fasilələrlə verilib.
Ankara və ətrafında gözlənilən güclü yağış səbəbindən yarana biləcək durum da vətəndaşları qorxudub.
Modern.az