Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Modern.az saytına daxil olan məlumata görə, Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Rusiya vətəndaşı Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova, oğlu Kürdoğlu Əsgərov və Şahbaz Quliyevin Rusiya vətəndaşı olan həyat yoldaşı Albina Veselova Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə bir daha müraciət edərək iki ölkənin prezidentlərinin Soçi görüşündə bu problemin, Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad olunmasına və Həsən Həsənovun meyitinin qaytarılmasını müzakirə və həll etmələrini istəyiblər.
"Qeyd etmək istəyirik ki, bu gün Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Deniz Duranla görüşüb.
Görüşdə Əli Həsənov BQXK-nın nümayəndəliyinin rəhbərinə bildirib ki, meyitin və girovların qaytarılması məsələsini Xankəndi ofisi ilə birlikdə daimi nəzarətdə saxlasınlar və bu sahədə öz fəaliyyətlərini gücləndirsinlər"-deyə "Dövlətqaçqınkom"-dan bildiriblər.
Qurum bir daha bildirir ki, bütün bu məsələlər ilk gündən ölkə prezidenti İlham Əliyevin nəzarətindədir və bununla bağlı aparılan işlər haqqında mütəmadi məlumatlar verilir.
Görüşdən sonra Baş nazirin müavini Əli Həsənov Həsən Həsənovun ailə üzvlərini qəbul edib.
Modern.az