Azərbaycanın sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi, qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı Dövlət Sosial Müdafiə Fondu ilə Avropa İttifaqının birgə layihəsi çərçivəsində Avropa İttifaqının ekspertlər qrupu hazırda ölkəmizdə səfərdədirlər. Bu barədə Modern.az-a DSMF-nin İctimaiyyətlə əlaqlər şöbəsindən məlumat verilib.
Avropa İttifaqının ekspertlər qrupu müxtəlif dövlət orqanları və digər təşkilatlarla görüşlər keçirdərək, Azərbaycanda mövcud iqtisadi və demoqrafik vəziyyət, qanunvericilik və maliyyə sisteminin öyrənilməsi, təhlili və digər araşdırılması işlərinin aparılması məqsədilə müzakirələr aparacaqlar.Görüşdə DSMF sədri Elman Mehdiyev bildirib ki, DSMF və Avropa İttifaqının birgə layihəsinin qeyri-dövlət pensiya fondlarının fəaliyyəti ilə bağlı qanunvericiliyin hazırlanması sahəsində əsas məqsədlərindən biri də həmin fondların qeyri-dövlət pensiya təminatı sahəsində fəlaiyyəti ilə əlaqədar meydana çıxan öhdəliklərinin yerinə yetirilməsi üçün səmərəli mexanizmlərin işlənməsidir.
Qeyd edilən məsələlərin araşdırılması məqsədilə Avropa İttifaqının ekspertləri Azərbaycan Respublikasının Mərkəzi Bankı, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Dövlət Neft Fondu, Azərbaycan İpoteka Fondu, Azərbaycan Beynəlxalq Bankı, Bakı Banklararası Valyuta Birjası, Bakı Fond Birjasında və digər qurumlarda görüşlər keçiriblər.
Modern.az