“Bu gün Azərbaycanda müxtəlif şəxslər həbs olunur və ya əksinə həbsdən azad olunur. Hüquq-mühafizə orqanlarının işi qanunvericilik çərçivəsində hər hansı bir işdə şübhəli bilinən şəxsin Cinayət Məcəlləsinə cəlb edilməsini təmin etməkdən ibarətdir. Əlbəttə hər kəs bu qərarlarla razılaşmaya bilər”.
Bu barədə Modern.az-a Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib. O, hüquq müdafiəçisi Leyla Yunusun həbsinə münasibət bildirərkən qeyd edib ki, istənilən dövlət orqanının çağırışına gəlmək hər bir vətəndaşın borcudur:
“Əgər xüsusilə hüquq-mühafizə orqanı, hansısa vətəndaşa ifadə vermək üçün müraciət edirsə, cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq həmin vətəndaş o çağırışa gəlməlidir. Həmin çağırışla bağlı fərdi fikirlər, fərqli yanaşmalar ola bilər. Nəzərə almaq lazımdır ki, bunu qanun tələb edir. Bu dünyanın hər yerində belədir. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada çağırışa gəlməkdən imtina olunsun. Onun ədalətli olub-olmaması müzakirə oluna bilər, amma bu o demək deyil ki, dövlət institutunun çağırışına etinasız yanaşa bilərsən. Bu əslində institutlara qarşı olan etinasızlıq mühitini formalaşdırar, eyni zamanda özbaşınalığa gətirib çıxarar. O zaman ürəyi istəyən şəxs deyər ki, “mən gedirəm”, ya da “getmirəm”.
Leyla Yunus məsələsinə gəlincə, Baş Prokurorluq bu məsələ ilə bağlı açıqlama da verilib. İndi isə istintaq hərəkətləri gedir. Bu hərəkətlərlə bağlı hər hansı bir fikir bildirməyi isə hüquqşünas olaraq düzgün hesab etmirəm”.
Ə. Nuriyev bildirib ki, o heç kəsin həbs olunmasını istəmir: “Amma Cinayət Məcəlləsinin özünün tələbləri var. Biz davranışlarımızı ona uyğun qurmalı və fəaliyyətimizi də ona uyğun həyata keçirməliyik. Əgər bu qaydalardan kənar hərəkət ediriksə, heç şübhəsiz ki, bu, məsuliyyət yaradır.
Baş Prokurorluğunun müvafiq idarəsi tərəfindən aparılan cinayət işilə bağlı hər hansı şərh vermək bütövlükdə cinayət işinə maneədir. İnanıram ki, istintaq orqanlarının apardığı fəaliyyət məhz qanunvericilk çərçivəsində olub və belə də olacaq, qanun çərçivəsində də müvafiq qərarlar veriləcək. Qərarlarla bağlı razılaşmayanlar isə daha yuxarı orqanlara şikayət etmək imkanları var”.
Hüquqşünasın sözlərinə görə, çox vaxt Azərbaycanda hüquqi imkanlar siyasi çağırışlarla dəyişdirilir:
“İndiki zamanda özləri hüquq müdafiəçisi olan insanların çoxu hüquqi biliklərə malik deyillər. Bu isə yanlış şərhlərə, qanun pozuntusunun müşahidə edildiyi hallara gətirib çıxarır. Bu baxımdan qanunun, hüququn aliliyinə əməl etmək lazımdır. Sözügedən məsələdə məni təəccübləndirən o oldu ki, bir sıra beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlət orqanları özlərinə, öz ölkələrinə rəva bilmədikləri, öz ölkələrində gedən məhkəmə proseslərinə qiymət vermək imkanları olmadığı, cəsarət etmədikləri halda başqa bir ölkənin hüquq-mühafizə orqanlarının fəaliyyətini qiymətləndirirlər. Hətta qərarların dəyişdirilməsi ilə bağlı tələblər irəli sürürlər. Bu özü də qanunun aliliyinə hörmətsizlik sayıla bilər”.
Gülşən RAUFQIZI