“Hüquqi biliyin aşılanması elə uşaq bağçasından başlanılmalıdır”. Bunu Modern.az- açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, orta məktəbi bitirən insanların hüquqi biliyi çox aşağı olur: “Peşəkar səviyyədə hüquqları bilməyə ehtiyac yoxdur. Əksər insanlar elementar səviyyədə hüquqlarını bilmir. İnsanların öz hüquqları ilə bağlı ümumi biliklərə malik olması, cəmiyyətimizi bir sıra risklərdən, qanunsuzluqlardan sığortalaya bilər. Çox təəssüf ki, hüquq düşüncəsini təşviq edə biləcək sistem qura bilməmişik. Bütün bu problemləri aradan qaldırmaq üçün sistemin qurulmasına ehtiyac var. Bütün elementar hüquqi biliklər, uşaqlara tədris vəsaiti kimi yox, oyunlar şəklində öyrədilməlidir. Hüquqi biliyin aşılanması elə uşaq bağçasından başlanılmalı, daha sonra məktəblərdə davam etdirilməlidir. Məktəblərdə, İnsan və Cəmiyyət, Konstitusiya dərsləri var, amma çox təəssüf ki, yaxşı tədris olunmur”.
Fond rəhbəri düşünür ki, pulsuz hüquq xidməti yaradılmalıdır: “Ölkə üzrə pulsuz hüquqi yardımla bağlı şəbəkə yaradılmalıdır. Ədliyyə Nazirliyinin regional şöbələri müəyyən qədər bu işləyirlər, amma orda da maaş çox aşağıdır. Eyni zamanda hüquq fakültələrinin müəllim və tələbələrini bu işə cəlb etmək olar. Həmçinin KİV-də hüquqla bağlı maarifləndirici yazılar yazmaq, proqramlar yayımlamaq olar”.
Rüfanə GÜNƏŞ