Modern.az saytı xəbər verir ki, bir qədər öncə Türkiyə Cümhuriyyəti Baş Nazirliyinə bağlı olan “Türk İşbirliyi və Koordinasyon Ajansı Başkanlığı”nın (TİKA) dəstəyi əsasında Azərbaycanın 3 yaralı əsgəri Ankaradan göndərilmiş xüsusi tibbi təyyarə ilə qardaş ölkəyə müalicəyə yola salınıb.
Modern.az-a məlum olub ki, bu əsgərlər Sərxan Tahirzadə, Ədalət Məmmədov və Elvin Əsgərzadədir.
Bu məsələnin Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Təyyub Ərdoğanın bilavasitə diqqətində olan mənəvi borc olduğu bildirilir.
“Yaralı əsgərlərimizin Türkiyəyə müalicəyə göndərilməsi, qardaş ölkənin hər zaman Azərbaycanın yanında olmasının bir göstəricisidir”. Bunu əsgərlərimizin yola salınmasında iştirak edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı Modern saytına açıqlamasında deyib.
Türkiyə aparılan yaralı əsgərlərimizdən birinin anası Maisə Tahirzadə isə çətinliklə “oğlum ayağa qalxsın, başqa heç nə istəmirəm” deyib.
Yaralı əsgərlərimizi yola salanlar arasında TİKA-nın Azərbaycan korinatoru Mustafa Polad da olub. “Onların müalicəsi nə qədər davam edəcəksə, o qədər müddətdə də Türkiyədə qalacaqlar”. Bunu isə Mustafa Polad deyib. Onun sözlərinə görə, Bakıdan yaralı əsgərlərimizin yanında bir hərbi həkim də gedib.
“Əsgərlərdən birinin ailə üzvü indi gedir, digər ikisinin də xarici pasportları hazırlanandan sonra yola salınacaq. Burda əsas məsələ odur ki, dost-düşmən, hər kəs bilsin ki, Türkiyə Azərbaycanın yanındadır” - Mustafa polad bildirib.
Məlumat üçün bildirək ki, əsgərləri baş nazirin müavini Emrullah İşler, TİKA-nın naziri Serdar Çam, Türkiyə Səhiyyə Nazirliyinin işçiləri və digər rəsmilər qarşılaycaq.
***
Modern.az saytı xəbər verir ki, Türkiyə Cümhuriyyəti Baş Nazirliyinə bağlı olan “Türk İşbirliyi və Koordinasyon Ajansı Başkanlığı”nın (TİKA) dəstəyi əsasında Azərbaycanın 3 yaralı əsgəri xüsusi tibbi təyyarə Bakıdan Ankaraya aparılıb. Bunlar Ermənistanın hərbi birləşmələrinin hücumları zamanı yaralanan əsgərlər Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadədir.
Hərbçilərimizi Ankarada Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, qardaş ölkənin baş nazir müavini Emrullah İşler, TİKA-nın nümayəndələri, Türkiyə Səhiyyə Nazirliyinin işçiləri və digər rəsmilər qarşılayıblar.