"Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi “Məcburi köçkün uşaqlar: onların hüquqları” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir Cəlilabad rayonunun Uzuntəpə kəndində müvəqqəti məskunlaşmış Şuşa qaçqınlarının iştirakı ilə baş tutub.
Cəlilabad rayon İcra Hakimiyyətinin əməkdaşı Varid Əsgərov son illər ölkəmizdə uşaqların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. V.Əsgərov Azərbaycanın hər yerində olduqu kimi Cəlilabadda da aztəminatlı ailələrə xüsusi qayğı göstərildiyini bildirib. Qeyd edib ki, Cəlilabad rayon İcra Hakimiyyəti aztəminatlı ailələrin övladlarının, o cümlədən işğal edilmiş rayonlardan olan uşaqların yaradıcılıq imkanlarını üzə çıxarmaq üçün müxtəlif layihələr reallaşdırılır.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri, layihənin eksperti Seymur Verdizadə tədbir iştirakçılarına uşaq hüquqlarının öz əksini tapdığı yerli və beynəlxalq qanunvericilik barədə məlumat verib. Natiq 1989-cu il noyabr ayının 20-də Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunmuş Uşaq Hüquqları Konvensiyasının hökumətlərin qarşısına qoyduğu vəzifələrdən danışıb. Bildirib ki, Konvensiyadan irəli gələn vəzifələrin icrasına nəzarət etməklə bu sahədə daha effektiv nəticə əldə etmək mümkündür.
S.Verdizadə Azərbaycan hökumətinin fəaliyyətində qaçqınlar mövzusunun prioritet təşkil etdiyini söyləyib. Bu sahədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyət göstərdiyini diqqətə çatdıran S.Verdizadə qaçqın uşaqlarla bağlı müxtlif proqramların həyata keçirildiyini vurğulayıb: “Bu proqramlar zəngindir. Qaçqın uşaqların təhsilindən tutmuş, istirahət hüquqlarına qədər təmin olunur.”
“Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev uşaq hüquqlarının qorunmasında KİV-lərin rolundan danışıb. N.Niftiyev deyib ki, KİV-lər uşaq hüquqlarının pozulması hallarına biganə qalmamalıdır. Natiq Azərbaycanda uşaq hüquqlarının qorunması sahəsində vəziyyəti araşdırmaq üçün KİV-lərə hərtərəfli şərait yaradıldığını bildirib: “İstər klassik, istərsə də internet media qaçqın uşaqların hüquqlarının təbliğində kifayət qədər fəaldırlar. Qaçqın valideynlərimiz də uşaqlarını bu mövzuda media ilə əməkdaşlığa təşviq etməlidirlər. Bizim qapılarımız hər zaman bu kateqoriyadan olan uşaqlar üçün açıqdır. Mövzu kifayət qədər həssasdır və mediada bu kimi mövzulara biganə olmamalıdır”. N.Niftiyev əyalət nəşrlərini də qaçqın uşaqların hüquqları ilə bağlı maarifləndirici materillar dərc etməyə çağırıb. Əlavə edib ki, AR Prezidenti yanında KİV-ə Dəstək Fondu da uşaq mövzusunda, xüsusən də qaçqın uşaqlarla bağlı iri həcimli layihələr həyata keçirir.
Şuşa rayon İcra Hakimiyyəti başçısının cənub bölgəsi üzrə nümayəndəsi Amil Əliyev, Cəlilabad rayon Uzuntəpə kəndinin icra nümayəndəsi Mirhəsən Nəsirov, məcburi köçkünlərdən Tofiq Quliyev, Aydın Məmmədov və başqaları çıxış edərək, mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.


Modern.az