Avqustun 9-da Rusiyanın Soçi şəhərindəki “Boçarov Ruçey” iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin görüşü olub.
Dağlıq Qarabağ münaqişəsi həddən artıq uzanıb və öz həllini tələb edir. Trend İTAR-TASS-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə "Boçarov Ruçey" iqamətgahında Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.
İlham Əliyev bildirib: "Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə etdik. Bu münaqişə həddən artıq uzanıb və öz həllini tələb edir".
Dövlət başçısının sözlərinə görə, son illər ərzində Rusiya və Azərbaycanın münasibətlərində sabit müsbət dinamika müşahidə olunur: "Biz bunu yüksək qiymətləndiririk və Rusiyaya beynəlxalq arenada əsas tərəfdaşlarımızdan biri kimi baxırıq".
Prezident İlham Əliyev qeyd edib ki, iki ölkənin əməkdaşlığı bir çox sahələri əhatə edir: "Təkcə siyasi deyil, həm də iqtisadi sahədə əməkdaşlıq yaxşı nəticələr verir. Xüsusilə əmtəə dövriyyəsi və qarşılıqlı investisiyaların həcmi artır. Biz əməkdaşlıq potensialını, o cümlədən regional təhlükəsizliyi və regionumuzda sabitliyi artırmaqda qətiyyətliyik.
Vladimir Putin deyib ki, Rusiya və Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir.
Rusiya dövlət başçısı bildirib: "Münasibətlərimiz inkişaf edir, həm də yüksələn xətt üzrə inkişaf edir. Bizim səviyyədə, hökumətlər səviyyəsində mütəmadi əlaqə saxlayırıq, iqtisadi və humanitar əlaqələr inkişaf edir".
Rusiya Prezidenti vurğulayıb ki, bu, ikitərəfli təmaslarda daim möhkəmlənən etimad elementidir.