Xəbər verdiyimiz kimi, avqustun 10-da Türkiyədə ilk dəfə olaraq ümumxalq səsverməsi yolu ilə prezident seçkiləri keçirilir.
Azərbaycan Respublikası Milli Məclisinin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun həmsədri Nizami Cəfərov və deputat Sədaqət Vəliyeva Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) xətti ilə seçkiləri müşahidə etmək üçün qeydiyyatdan keçiblər.
Eldar İbrahimov AzərTAc-a müsahibəsində bildirib ki, seçkiləri azad və sərbəst şəkildə müşahidə etmək üçün bütün şərait yaradılıb. Aparılmış bölgü əsasında Eldar İbrahimov İstanbulda, Nizami Cəfərov ilə Sədaqət Vəliyeva isə Ankarada müşahidəçi missiyasını yerinə yetirəcəklər.
Eldar İbrahimovun bildirib ki, səfər çərçivəsində TürkPA təmsilçiləri – Azərbaycan, Qırğızıstan və Qazaxıstandan olan nümayəndə heyətləri Türkiyənin Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıç, Ali Seçki Komissiyasının sədri Sadi Güven, xarici işlər nazirinin müavini, səfir Naci Koru ilə, eləcə də digər qurumlarda keçirdikləri görüşlərdə seçki prosesi və səsvermə ilə bağlı ətraflı məlumat alıblar.