Hələlik seçkilərin qeyri-rəsmi nəticələrinə görə...
Türkiyədə ilk dəfə ümumxalq səsverməsi yolu ilə keçirilən prezident seçkilərinə yerli vaxtla 8.00-da başlanan səsvermə saat 17.00-da yekunlaşıb. Hazırda səslərin sayılması prosesinə başlanılıb.
Prezidentlik uğrunda mübarizə Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan, müxalifətin vahid namizədi Ekmələddin İhsanoğlu, Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Selahattin Demirtaş arasında aparılır.
Ali Seçki Komissiyasının (ASK) məlumatına görə, ölkədə 52 milyon 894 min 15 nəfər səsvermə hüququna malikdir. Yaxın saatlarda səsvermədə iştirak edənlərin ümumi sayı barədə ASK tərəfindən məlumat gözlənilir.
Modern.az saytı “Hürriyət” qəzetinə istinadən xəəbər verir ki, seçkilərin qeyri-rəsmi nəticələrinə görə, baş nazir Rəcəb Tayyib Ərdoğan səslərin 50 faizindən çoxunu toplayaraq, Türkiyədə ilk dəfə xalqın seçdiyi prezident olub.
İlkin bilgilərə görə, Ərdoğan 55 faiz, İhsanoğlu 35 faiz səs tolayıb. Məlumata görə, rəsmi nəticələr elan olunduqda namizədlərin topladığı səs faizlərində cüzi artma-azalmanın olacağı gözlənilir...
***
Türkiyə Ali Seçki Komissiyası seçkilərin nəticələrinə dair ilkin informasiyaları yaymağa başlayıb. Məlumata görə, artıq seçki qutularının 70 faizi açılıb. Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan sayılan səslərin 53,2 faizinə sahib olmaqla rəqiblərindən irəlidədir. İkinci yerə 38,5 faizlə müxalifətin vahid namizədi Ekmələddin İhsanoğlu sahibdir. Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Selahattin Demirtaş isə 8,4 faiz səslə geridədir.
Səslərin sayılmasındakı dəyişikliklər yerli televiziya ilə birbaşa yayımlanır.
***
Türkiyə baş naziri Ərdoğanın tərəfdarları prezident seçkilərində qələbəni artıq bayram edirlər. 5 mindən çox Ərdoğan tərəfdarı gecə saatlarında baş nazirin evinin qarşısında toplaşıb.
***
Türkiyədə seçki qutularının artıq 93 faizi açılıb. Türkiyə Ali Seçki Şurasının yaydığı məlumata görə, prezident seçkilərində seçicilərin 56,56% səsini toplayaraq baş nazir Rəcəb Tayyib Ərdoğan liderlik edir.
Ekmələddin İhsanoğlu 37,48 faiz səslə ikinci, Selahəddin Demirdaş isə 8,96 faiz səs toplayaraq üçüncüdür.
***
Son rəsmi məlumat:
Rəcəb Tayyib Ərdoğan - 51,95%
Ekmələddin İhsanoğlu - 38,34%
Selahəddin Demirdaş - 9,71%
Modern.az