Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Kürdmahmudlu kəndində növbəti səyyar qəbul-görüş keçirib.
Rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin iştirak etdikləri səyyar qəbul-görüşdə çıxış edən Alı Alıyev əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, işğaldan azad edilmiş ərazilərdə aparılan geniş quruculuq və abadlıq işlərindən danışıb.
Alı Alıyev qeyd edib ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə imkan verir.
Görüşdə kənd sakinlərinin müraciətləri, arzu və təklifləri dinlənilib. Kənd sakinlərinin içməli və suvarma suyu, elektrik enerjisi, torpaq və digər sosial məsələlərlə bağlı qaldırdıqları məsələlərin bir çoxu rayon İcra Hakimiyətinin başçısı Alı Alıyevin göstərişi ilə yerindəcə həll edilib, digərlərinin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıq verilib.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq quruculuq işlərindən razılıqlarını ifadə edərək, dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Səyyar qəbulda iştirak edənlər müraciətlərinin həmişə diqqət mərkəzində saxlanıldığını bildirməklə ən böyük arzularının Qarabağın düşmən tapdağından azad olunacağına inamlarını ifadə ediblər.
Səyyar qəbul-görüşü yekunlaşdıran Alı Alıyev son günlər cəhbə xəttində baş verən hadisələrə münasibət bildirib, gənclərin və yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsinə rayonda ciddi diqqət yetirildiyini söyləyib, bütün bu işlərin prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan məqsədyönlü siyasətlə ahəngdarlıq təşkil etdiyini vurğulayıb.
Alı Alıyev hər bir füzuli sakininin Ali Baş Komandan İlham Əliyevin əmri ilə döyüşə hazır olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, füzulililər iqtisadiyyatı güclü olan Azərbaycanın hərbi qüdrətinin daha da möhkəm olması işində bundan sonra da fəal iştirak edəcəklər.
Modern.az