Mövsüm xəstəlikləri ilə bağlı Modern.az əməkdaşı Bakıdakı müxtəlif tibb məntəqələrinə baş çəkərək ən çox satılan dərmanlar və müraciət əsasında müəyyən olunan xəstəlikləri araşdırmağa çalışıb.
“Ən çox istənilən preparatlar müxtəlif ağrıkəsicilər, zökəm xəstəliyi üçün nəzərdə tutulmuş tozlar, uşaqlar üçün hərarətsalıcı vasitələrdir”, – deyə Qaraçuxur qəsəbəsindəki apteklərin birindən bildirilib. Əczaçılıq məhsulları satılan digər obyektlərdə də oxşar cavablar söylənib. Məsələn, Bakıxanov qəsəbəsində yerləşən aptekin satıcısı Arif Qafarov isə söylədi ki, hazırda insanlar mədə və baş ağrısı, zökəm xəstəlikləri üçün dərmanları daha çox alırlar. “Qiymətlər 10 qəpiklə 70 manat arasındadır”.
Yeni Günəşli qəsəbəsində yerləşən apteklərdən birində isə fərqli dərman adları çəkilib: “Ən çox müraciət təzyiq, şəkər xəstəlikləri ilə bağlıdır. Həmçinin kiçik yaşlı uşaqlarda zökəmi aradan qaldırmaq üçün nəzərdə tutulmuş müxtəlif vasitələrə üstünlük verilir. Ən baha olan və daha çox satılan dərmanlar sırasında “Roqam” 135 manatla ilk yerdədir. Bu preparat hormonal problemlərin müalicəsində istifadə edilir”.
“Əhmədli” metrostansiyası yaxınlığındakı aptekdə satıcı Vahid Alışov ümumiyyətlə, yay mövsümü ilə əlaqədar ticarətin aşağı olmasından gileyləndi: “İndi yaydır, alver də yoxdur. Daha çox ağrıkəsici, təzyiq, yanıq dərmanlarına tələbat var”.
“Gənclik” metrostasiyası yaxınlığındakı aptekdə satıcı işləyən Afət Qurbanova daha çox tələbat olan dərmanlarla bağlı xəstəlikləri belə sıraladı: şəkər, onkoloji xəstəliklər, öskürək. “Xüsusilə bu yay ərzində sözügedən 3 xəstəliklə bağlı dərmanların satışında yüksəlmə hiss olunacaq dərəcədədir. Xüsusilə onkoloji xəstəliklərlə bağlı kremlər, gellər nisbətən bahadır. Bu xəstəlik üçün nəzərdə tutulan, müxtəlif firmaların istehsalı olan vasitələr kiçik ölçülü qabda 35-40 manata satılır”.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin verdiyi açıqlamalara əsasən, hazırda Azərbaycanda ən çox yayılmış xəstəliklər sırasında ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər üstünlük təşkil edir. Həmçinin yoluxucu xəstəliklərdən olan vərəm və HİV-ə yoluxma halları da kifayət qədərdir.
Gülşən RAUFQIZI