Modern.az

“Girovlarla bağlı Azərbaycan və Ermənistan arasında ikili razılıq qeyri-mümkündür”

“Girovlarla bağlı Azərbaycan və Ermənistan arasında ikili razılıq qeyri-mümkündür”

11 Avqust 2014, 16:07

“ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri, eyni zamanda Beynəlxalq Qızıl Xaç Komitəsi beynəlxalq konvensiyanın tələblərinə uyğun danışıqlar aparmalı və məsələ öz həllini tapmalıdır”. Bu barədə Modern.az-a Milli Məclisin İnsan hüquqları Komitəsinin üzvü İqbal Ağazadə girovluqda olan azərbaycanlılarla bağlı danışarkən bildirib.

Milli Məclisin İnsan Hüquqları komitəsinin digər üzvü Fazil Mustafa isə məsələnin iki dövlətin razılığı əsasında həll tapmasının mümkünsüz olduğunu söyləyib:

“Bu məsələ artıq beynəlxalq təşkilatların yardımı ilə gerçəkləşdirilə bilər. Çünki Azərbaycan və Ermənistan arasında münasibətlər o dərəcədə kəskindir ki, məsələnin ikili danışıqlar əsasında həlli çox çətin görünür. Bütün hallarda səylərimiz artırılmalı və beynəlxalq təşkilatların bu işə daha aktiv yanaşması təmin edilməlidir. Müraciətlər olunmalı, dövlət və hökumət səviyyəsində təzyiqlər göstərilməlidir ki, bu istiqamətdə Ermənistan hökumətinə ciddi şəkildə xəbərdarlıq edilsin. Bu addımların onların özü üçün də yaxşı olmayacağını diqqətə çatdırsınlar.

Hər iki tərəfdən insanların ölməsi yaxşı hal deyil. Hətta ölüm halı girovluqda olan vətəndaşlarla bağlı müəyyən çətinliklər də yarada bilər. Girov düşən insanların öldürülməsi, onlara xəsarət yetirilməsi faktına hər iki tərəfdən mənfi münasibət göstərilməsi gözləniləndir. Bu fonda da biz həm meyitlərin dəyişdirilməsi, həm də girovların geri qaytarılması ilə bağlı təşəbbüsləri artırmalıyıq ki, ən azı bu mərhələdə öz vətəndaşlarımızın hüquqlarını qoruya bilək”.

Qeyd edək ki, Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisində 3 nəfər - Şahbaz Quliyev, Dilqəm Əhmədov və Həsən Həsənov girov düşüb. Sonuncu şəxs ermənilər tərəfindən öldürülərək Dağlıq Qarabağda, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin iştirakı ilə dəfn edilib. Ermənilər meyitin dəfn olunmasına bəhanə olaraq texniki imkanlarının olmadığını əsas gətiriblər.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu