12 avqust xalq şairi Qabilin doğum günüdür. Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı ildə Bakıda anadan olub. Ədəbiyyata 1944-cü ildə “Ədəbiyyat” qəzetində çap olunan “Gəl, baharım” adlı şeiriylə gəlib. 60 dan çox kitabın, “Nəsimi” mənzum romanının, “Səhv düşəndə yerimiz”, “Azərbaycan əsgəri” kimi klassik şeirlərin müəllifidir. Əməkdar incəsənət xadimi, xalq şairi fəxri adlarına layiq görülüb. Azərbaycan dövlət mükafatı laueratıdır. “Şöhrət” və “İstiqlal” ordenləriylə təltif olunub. 4 aprel 2007-ci ildə 81 yaşında vəfat edib. 1-ci Fəxri Xiyabanda dəfn edilib.
Modern.az saytı mərhum şairin bir şeirini tədim edir.
QABİL
Dənizdə adam batıb...
Gecənin bir aləmi
Tir-tir titrədi şəhər,
Qopdu çərçivəsindən
Qapılar, pəncərələr.
Sovruldu asimana
Yerin tozu-torpağı.
Şaqqıltıyla qırıldı
Ağacların budağı.
Xəyalım uçdu bu dəm
Uşaqlıq çağlarına
Əlçatmaz illərdəki,
Qumlu sahillərdəki
Pirşağı bağlarına...
O vaxt, o zaman haçan -
Haçan qopsaydı tufan,
Haçan, haçan ki, Xəzər
Nərildəsəydi nər-nər,
Rişəsindən qopsaydı
Yaşıl-yaşıl tənəklər,
Səma burulğanında
Çaşbaş olsaydı quşlar,
Yaylım atəşlərinə
Dönsəydi xırda daşlar,
Məsmə nənəm deyərdi,
Suğra anam deyərdi,
Fatma xalam deyərdi:
Xəzri qopmayıb hədər
Qurban aparıb yenə
Qan-qan deyən ləpələr.
Dənizdə adam batıb,
Onunçun bir-birinə
Xəzri aləmi qatıb.
Ya da nahaq qan düşüb,
Bu bağlar arasında.
Qız üstündə cayıllar...
Uşaqlar arasında.
Ya hansı yekəbaşın
Ağız-burnu əyilib.
Allaha xoş getməyən
Artıq-əskik deyilib.
Xəzri allah cahadı
Xəzri allah inadı.
Xəzri allah üsyanı
Çərxi fələk fəğanı.
Bəs niyə bu gün qopmur
Azərbaycanda xəzri?!
Təkcə Pirşağıda yox
Hər yer, hər yanda xəzri?!
Dağ-daş ahu-fəğandır,
Qurularım bir yana,
Yaşlarım yanhayandır...
Dolu zindanlarımız
Düşmənə ərməğandır!..
Gediş-gəlişlər hədər,
Danışıqlar gümandır.
Dənizdə cür’ət batır
Qəti qətiyyət batır.
Kişilik axtalanır,
Qan dəryası daşmayır.
Neçin ki, laxtalanır...
Yerə, yurda dağılıb
Tökülmüş dəndi birlik,
Pərən-pərəndi birlik.
Lüzum varkən yumruğa,
Lüzum yoxdur buyruğa.
Çıxır suyun üzünə
Cinayətlə, xəyanət.
Batır suyun dibinə
Abır-həya, ləyaqət.
Dənizdə suya gəlməz
Dilənçi uşaq batır.
Gələcək nəsil batır,
Günəşli sabah batır.
Didişmə güdazına
Verilmiş torpaq batır.
Dənizdə adam batmır,
Dənizdə millət batır.
Şan batır, şöhrət batır,
Kim-kimi bəyənməyir,
Əli tətikdə hazır.
Kim-kimi bəyənməyir
Qətlinə fərman yazır.
Batmış qanlar bürüyüb
Bu gün dağı-dərəni.
Ay Allahın cahadı,
Əs, ey dəli tufanım,
Dəyiş bu mənzərəni!
Təyyarədən satqınım
Enir qolları bağlı.
Cəza cəza yerində
Baxıb xəcalət çəkir
Vətən sinəsi dağlı.
Məscid məscid dibində,
Məscid işbaz cibində.
Yox, Allah evi deyil
Bu Allah evcikləri.
Xəzri, yerlə-yeksan et
Bu haram evcikləri.
Bu günah evcikləri,
Bu tamah evcikləri.
Bu bəladan hamını
Xilas et, qopar, Xəzri!
Xalqı qat qabağına
Cəbhəyə apar, Xəzri!
Dənizdə adam batıb,
Yenə də bir-birinə
Xəzri aləmi qatıb.
Pirşağı bağlarında,
Uşaqlıq çağlarında
Rəhmətliklər deyərdi...
Rəhmətliklər nə yaxşı
Görmədilər bu dərdi.
22 aprel, 1996