Modern.az

Erməni düşüklüyü…

Erməni düşüklüyü…

Ölkə

12 Avqust 2014, 22:04

Yadımdadır, 1972-ci ildə kəndimizə kəndirbaz gəlmişdi. Oyundan əvvəl isə “Kommunist” tirəsində olan və tikintisi yarımçıq qalmış hamamın həyətində möhtəşəm kəndir quraşdırılmışdı. “Tros”dan olan kəndirin uzunluğu bəlkə də əlli metrdən artıq olardı...

Ustad kəndirbaz oyununa başladı. Çox ustalıqla nömrələr göstərir, tamaşaçıları heyrətə gətirirdi. Amma onunla eyni zamanda aşağıda da bir “kəndirbaz” gəzirdi. Əsas niyyəti “meymunluq” edərək tamaşaçılardan pul yığmaq olan bu kəndirbaz, həm də  tamaşaçıların yuxarıdakının nöqsanlarını görməmələri üçün diqqəti ondan yayındırırdı. Tamaşaçılar kəndirbazın nömrələrindən razı qalsalar da, aşağıdakı “kəndirbaz”ın əttökən hərəkətləri onları narazı salırdı...

O illər Ağdama Rusiyadan da kəndirbazlar gələr, gözəl oyun nümayiş etdirməklə, pul yığıb gedərdilər. Hətta o illərdə köhnə univermağın yanındakı boş sahədə, daha doğrusu “çolpa satılan” yerdə taxtadan dairəvi nümayiş zalı quraşdırılar və motosikl sürənlər də öz məharətlərini məmnuniyyətlə ağdamlılara nümayiş etdirərdilər. Bir dəfə yadımdadır ki, şəhər gəzintisində olarkən motosikl sürənlərin birinin artıq hərəkəti şəhər uşaqlarının xoşuna gəlmədiyindən, motosiklin hərəkət yoluna mismar vurmuşdular. Nəticədə sürətlə hərəkət edən motosiklin təkəri partlamış, sürücüsü isə ağır xəsarət almışdı...

Hərdən şəhər uşaqlarının belə gözlənilməz cavabları olurdu...

İndi o hadisələrdən qırx ildən artıq vaxt keçir...

Avqustun birinci ongünlüyündə doğma Ağdamımız yenə gündəmə gəldi. Prezident İlham Əliyevin məhz Ağdama, birbaşa təmas xəttinə getməsi erməni tərəfinə mesaj idi. Ölkə rəhbəri bununla, - müharibə ancaq Ağdam ərazisindən başlaya bilər,- deyirdi. Prezidentin bu səfəri tək ağdamlılara deyil, bütün Azərbaycana ikinci nəfəs verdi. Xalq da öz növbəsində torpağı uğrunda döyüşə hazır olduğunu prezidentinə bir daha bəyan etdi...

İndi Sarkisyan Ağdama gələ bilməsə də, İrəvanda oturub bu şəhərin adını çəkir. Və digər şəhərlərimizi də beləcə viran qoymaqla hədələyir. Açığı Sarkisyanın bu hərəkəti mənə kəndimizə gələn “aşağıdakı” kəndirbazın meymunluğunu xatırlatdı. “Yuxarıdakı” ustad təşəbbüsü ələ alıb ciddi siyasi oyun nümayiş etdirmək istədiyi halda, Sərkisyanın “düşük” hərəkəti öz havadarını da “urvatdan” saldı.


Bundan əvvəl isə abdal-gülablılar demişkən “döşü aparıb” Mingəşevir Su Ambarını partlatmaqla bizi qorxutmaq istəyirdi...

Amma alınmadı. Heç alınası da deyil.

Daha Azərbaycan iyirmi il əvvəlki deyil. Ölkəmiz ermənilərin hər bir addımına tutarlı cavab verməyə hazır olduğunu açıq-aşkar nümayiş etdirdi...

Beləliklə, Azərbaycan ordusunun avqust təlimləri SƏRKİSİ əməllicə YANdırıb. Arzusunu gözündə qoyub. Deməliyəm ki, avqust ayında Ay Yer kürəsinə daha yaxın olduğu kimi, biz də Qarabağımıza yaxınlaşdıq. Və bundan sonra daha da yaxın olacaq, o yerlərə qayıdacağıq, inşallah.

Bu məqamı əldən verməmək üçün hamımız çalışmalı və töhfəmizi verməliyik..

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi