Modern.az

Türklərin dirçəlişində “Qərb” əngəli - I Yazı

Türklərin dirçəlişində “Qərb” əngəli - I Yazı

Ölkə

12 Avqust 2014, 23:08

Xaçlı səfərləri ilə İslam-Türk sivilizasiyasını yenə bilməyən “Qərb”, 20-ci əsrin əvvəllərində birmənalı şəkildə şüurlarımızı fəth etmiş, savaş meydanlarında daima uduzduqları müsəlmanları, türkləri fikir və texnoloji meydanlarında məğlub duruma gətirmişdilər. Beləliklə, 17-18-ci əsrlərə qədər dünyaya meydan oxuyan türklər artıq öz yerini “Qərb”ə verməli olmuşdur. Hətta, 20-ci əsrin əvvəllərində Osmanlının çöküşü sırasında türklər tamamilə məhv olmamaq üçün “Qərb” dəyərlərinə müraciət etmək zorunda qalmışdır.

Bundan sui-istifadə edən “Qərb” aydınları da çalışmışlar ki,  “qərbləşmək” ideolojisi ilə şüurlarına nifaq toxumu səpilmiş türkləri tamamilə özlərinə tərəf çəksinlər. Yəni  Türk millətini qərblilərin təbrincə desək, mühafizəkar İslamdan birdəfəlik qoparıb “irəliçi” xristian “Qərb”ə birləşdirsinlər. Daha doğrusu, türkləri “irəliçi” xristian “Qərb”ə birləşmək hissi altında daima basqı altında saxlasınlar. Çünki bugünkü “Qərb” üçün Türkiyənin “qərbləşmə” yolunu davam etdirməsi qədər də, onun ən azı indiki durumuyla “Qərb” arealına daxil olmaması da maraqlandırır. “Qərb” aydınları açıq şəkildə yazmasalar da, türklər onların maraqlarına tam şəkildə cavab vermədiyi bir zamanca Avropa arealına daxil olmağa imkan verməyəcəklər. Bu heç də, “qərblilər”ə əngəl olmur ki, vaxtilə “qərbləşmək” yolu tutduğu üçün türkləri buna görə təqdir etməsinlər. Bu bir növ şirinikləşdirici amillər, manevralardır. Bunun örnəyi “Qərb sivilizasiyası”nı İslam-Türk mədəniyyətinə, “Qərb liberal-demokratizm”ini İslam dininə qarşı qoyan Toynbilərin, Fukuyamaların Türkiyəyə “dost”casına yanaşmaları, “qərbləmək” yolu tutduqları üçün təqdir etmələri başa düşüləndir. Fukuyama yazır: “Çağdaş İslam dünyasındakı tək liberal-demokrasinin, daha 20-ci yüzilin başları İslami mirası dünyəvi bir toplum yararına kəsinliklə rədd etmiş tək ölkə olan Türkiyə olması, bəlkə də bir raslantı deyildir”. Eyni zamanda, o, Qərb rasionalizmini Türkiyədə həyata keçirdiyi üçün Atatürkü tərifləyir. Arnold Toynbi də yazırdı ki, dünənə qədər dünyaya meydan oxuyan türklərin “Qərb”ə üz tutması, özəlliklə bunun Osmanlı türklərinin böyük qərbçilərindən Mustafa Kamal Atatürk tərəfindən gerçəkləşdiril­məsi “qərblilər”in açısından olağanüstü bir hal idi. Ilk baxışda bu fikirlər Türk milləti üçün xoş təsir bağışlasa da, əslində onları zorla “Qərb”ə yönəltmə və “Qərb”i daima ideal görmə istəyi var. Çünki vaxtilə dünyaya meydan oxuyan türklər hələ də “Qərb”ə üz tutmaqdan başqa çarə görmürlərsə, bu “qərblilər”cə böyük bir uğurdur.

Amma “qərbli”lər “konuşulmayan türk”ü özlərinə tərəf çəkməkdə xeyli məsafə qət etsələr də, yenə də türklərdən “narazıdır”lar. Bu “narazılığın” nəticəsidir ki, “Qərb” aydınları bir yandan Türkiyəni “Qərb”ə cəzb etmək üçün əllərindən gələni etdikləri halda, digər tərəfdən isə türklərin “Qərb” məkanına daxil olmağa yaramadığını ortaya çıxarırlar. Ilk baxışda bu ziddiyyətli görünsə də, əslində “Qərb”in məntiqinə uyğundur. Belə ki, “Qərb” ötən bir əsr ərzində türklərin xeyli dərəcədə “qərbləşmə”sindən məmnun olsa da, ancaq onların İslamdan və milli adət-ənənələrdən tamamilə əl çəkməməsindən rahatsızdılar. Bu baxımdan “qərbli”lər çalışırlar ki, türklər onlara çatmaq üçün bir tərəfdən İslam-Türk dəyərlərindən günü-gündən qopsunlar, digər tərəfdən “Qərb”ə həmişə əl çatmayan ideal kimi baxsınlar. Bu o anlama gəlir ki, “qərbli”lər nə türklərin öz yollarını seçməkdə, özlərinə dönməkdə, nə də “Qərb” idealına çatmaqda maraqlı deyillər.

Çünki qərblilər “Qərb”in geriləməsi durumunda, bunun fonunda hər hansı qeyri-Qərb bir millətin və ya onu təmsil olunduğu bölgənin yeni bir sivilizasiya ilə meydana çıxmasından rahatsızdırlar. Özəlliklə, türklərin qərblilərin istəmədiyi bir şəkildə “qərbləşmə”si “Qərb” aydınları, ideoloqları üçün əlverişsizdir. Çünki “qərblilər” zaman-zaman “barbar”, “konuşulmayan Türk” kimi qələmə verdiyi türklərin hər iki halda, həm “qərbləşmək”də onları keçməklə, ya da qərbləşməyi bir kənara qoyub özünədönməklə “Qərb” üçün daima bir təhlükə olması inancındadırlar. Bunun reallaşmaması üçün “Qərb” aydınları türklərin şüurlarını dolaşdırmaqla məşğuldurlar. Bu anlamda bir tərəfdən milli-dini adət-ənənələrdən imtina edərək “qərbləşmək” yolu tutan türkləri öyən “qərblilər”in bununla yanaşı, digər tərəfdən “qərbləşmə”yin son nəticədə onlar üçün uğursuz olmalarını dilə gətirmələri təsadüfi deyildir. Hər halda, Toynbi digər tərəfdən qərblilərin təhdidi ilə “Qərb” dünyasına daxil olmağa çalışan, bunun üçün milli-dini adət ənənələrindən xeyli dərəcədə imtina edərək Ana Yasasından tutmuş məişət həyatına qədər “qərbləşən”, daha doğrusu Qərb dövlətlərinin bir kopyasını Türkiyədə  yaradan türklər, bütün hallarda “Qərb”in gözünə girə bilməmişdir. Toynbi bunu belə açıqlayır ki, türklər nə qədər gələnəklərindən imtina edib onların yollarını tutsalar da, bu işdə yaradıcı tərəf olmadıqları və cəmiyyət daxilindəki çoxluğu ələ ala bilməyəcəkləri üçün son amaclarına çatmayacaqlar. Çüki başqalarının sivilizasiyasını kopyalayanlar gələnək­lərini olduğu kimi sürdürənlər kimi, yeni bir ideyalar ortaya çıxartma­dıqları üçün uğursuzluğa düçar olmağa məhkumdurlar.

Biz də o fikirə qatılırıq ki, inkişaf yolunu tutan, ayaq üstə qalmaq istəyən hər hansı toplum tərəqqi dövrünü yaşayan millətin mədəniyyətindən yararlana bilər. Bu Avropa da, Asiya da, Amerika da ola   bilər. Əgər onların inkişafında müsbət cəhətlər varsa bu hökmən dəyərləndirilməlidir. Ancaq burada önəmli olan kənar toplumların ideyalarından yalnız yararlanmaq olmalıdır, onları yamsılamaq yox.  Yəni toplumun inkişafının nüvəsində öz düşüncəsi, öz fəlsəfəsi önəmli olmalıdır. O, kənar ideyalardan  yalnız “öz”ü gücləndirmək üçün istifadə etməlidir. Məsələn, ağacın nüvəsi var və onun əsasında boy atır, qollu-budaqlı olur. Amma onun bu inkişafında kənar amillər də (suvarma, budaqlama, gübrələmə vəs.) mühüm rol oynayır. Deməli, istənilən cəmiyyətin də əsasında “öz” olmaldır. Örnəyi qərblilər bunu 17-18-ci əsrlərdə, yaponlar 19-cu əsrdə, Güney Koreya və Çin 20-ci əsrdə çox yaxşı şəkildə həyata keçirərək yeni bir dönəmə qədəm qoydular.

Türklər, ərəblər, farslar bu məsələdə başarlı olamadılar. Ərəblər və farslar gah “Qərb”, gah da ənənəvi yolayrıcında çırpındılar. Hələ də, bunun ikisi arasında qalıblar. Türklər isə Türkiyənin və Azərbaycanın (zorla sovetləşdirmə dövrünü nəzərə almasaq) timsalında bir əsrdir “Qərb”, Avropaya inteqrasiya yolunu tutmaqla müəyyən uğurlar əldə etsələr də, amma onlar da “öz”ə əsaslanmadıqları üçün ciddi problemlərlə üz-üzədirlər. Çünki başqasının “öz”ü bizim “öz” ola bilməz. Biz türklər heç vaxt romalı, yunan, ingilis, amerikalı ola bilmərik. Bu analmda Toynbilərin, Fukuyamaların türklərlə bağlı nədən ziddiyyətli mövqe nümayiş etdirmələrini anlayır, bunu məntiqsizlik kimi qiymətləndirmirik. Çünki onlar hansı xətti, yəni “Qərb” yolunu, yoxsa ənənəvi yolu tumasından asılı olmayaraq türklərdən ehtiyat edirlər. Haqsız da deyillər. Bu mənada, hazırda “Qərb” yolu tutmuş türklərin zaman irəlilədikcə hansı addımları ata biləcəyindən tam əmin olmadıqları üçün bir növ bu millətin şüurunu dolaşdıracaq fikirlər irəli sürürlər. Özəlliklə, bu cür fəlsəfəçiliyi ingilis-amerikan filosofları çox yaxşı bacarırlar.

İngilis-amerikan filosoflarının bu fikirləri ona xidmət edir ki, türklər “Qərbləşmək”dən başqa çarə görməsələr də, əslində bu yolun da onları istədikləri amaca çatdırmayacağını anlasınlar. Yəni türklərin artıq keçmişə dönüb öz sivilizasiyasını bərpa etməsi qədər, inkişafda olan Qərb sivilizasiyasına daxil olmaqla öz varlığını qoruması da zordur. Belə ki, başqasının sivilizasiyasına daxil olub uğur qazanmaq mümkündürsə, sonucda sən özün deyil,  başqasının bir kopyası olursan. Belə olduğu təqdirdə də  sənə aid olmayan sivilizasiyanın içində əriyib gedirsən. Məncə, hər iki halda türklərin uğursuzluğa düçar olacağını iddia edənlərin əsil istəyi özünəgüvəni param-parça etməkdir. Bu anlamda toynbilərin, fukuyamaların “qərbləşmə” yolunu tutan türkləri “xəbərdar” etmələrini çox düşündürücü hesab edirik. Bu obyektiv bir düşüncədən daha çox, Türk düşüncəsini dalana dirəməkdir.

Biz bir məqamla razıyıq ki, türklərin “qərbləşmə” yolunda gəldiyi nəticələr Türk aydınları qədər Qərb aydınlarını da maraqlandırır. Necə ki, Qərb bir vaxtlar Rusiyaya marksizmi qəbul etdirərək sonra nəticəni gözləyirdilər. Eyni məsələ bir qədər fərqli şəkildə Türkiyədə də baş verir. “Qərb” Rusiyadan umduğunu bulmasa da, ən azından marksizmin nələrə yol açacağnı əyani şəkildə gördü. Indi də Qərb müsəlman olan, vaxtilə dəfələrlə avropalıların ayaqlarını titrədən türklərin “Qərb liberal-demokratiyası” və “Qərb mədəniyyəti” ilə hansı şəkilə girəcəyinə, hansı nəticəyə gəlinəcəyinə çox maraq edirlər. Yəni türklər sona qədər “qərbləşmə”yə davam edəcəklər mi? Əgər davam edərsə nələr baş verəcəkdir? Yoxsa, türklər “qərbləşmə”yə “dur” deyəcəkdir? Əgər “dur” deyərsə nələr olacaqdır? Bunu yaxşı anladıqları üçün qərblilər bir tərəfdən türkləri ənənəvi milli-dini yola qayıtmasını istəmirlər, digər tərəfdən “qərbləşmə” yolundakı hər addımına da nəzarət edirlər.

Bizcə, “qərblilər”in türklərə qarşı bu cür davranışları əsassız deyildir. Qərblilər rusları nə qədər sevməsələr də, amma ən azı xristian olduqları üçün dünya hökmranlığını onlarla paylaşmaqdan son dərəcədə rahatsız deyillər. Bunu, 20-ci əsrdə baş verənlər, bu gün də davam edənlər açıq şəkildə ortaya qoyur. Bəlkə də, bu sözləri buddist çinlilərə də aid etmək olar. Amma iş türklərə, özəlliklə müsəlman türklərər gəlincə vəziyyət xeyli dərəcədə dəyişir. Qərblilər dünyanı türklərlə paylaşmaq istəmirlər. Burada da iki önəmli faktor var: 1) İslam dini; 2) Türklər. Xristian-Qərb dünyası üçün ikisi də qəbuledilməzdir. Onlar üçün İslam dünyası fərqli bir sivilizasiya, türklər də həmin sivilizasiyanın öncülləridir. Bu iki amil bir-birini tamamladığı üçün “qərblilər” onu yaxına buraxmaq istəmirlər. Ancaq yalnız istəməməklə iş bitmir. “Qərblilər” onlar üçün təhlükə mənbəyi olan İslam-Türk məfkurəsini bir-birindən ayırmağa da çalışırlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi