Modern.az

Yaralı əsgərimizin valideyni Türkiyəyə yola salındı

Yaralı əsgərimizin valideyni Türkiyəyə yola salındı

13 Avqust 2014, 12:37

“Oradakı əməkdaşlarımız mütəmadi olaraq yaralı əsgərlərimizə baş çəkir, vəziyyətləri barədə maraqlanırlar. Hazırda müalicələri davam etdirilir, Türkiyədən aldığımız məlumatlara əsasən, səhhətlərində irəliləyiş hiss olunur”. Bu barədə Modern.az-a Türkiyə Cümhuriyyəti Baş Nazirliyinə bağlı olan “Türk İşbirliyi və Koordinasyon Ajansı Başkanlığı”nın (TİKA) Bakı nümayəndəliyinin əməkdaşı məlumat verib.

Yaralı əsgərlərdən birinin valideyni elə əsgərlərlə bərabər, digərinin valideyni isə sənədləri hazır olduqdan sonra (2 gün sonra) Türkiyəyə getdi. 3-cü əsgərin Türkiyədə yaxınları olduğundan onun valideynləri getmədi”.

TİKA rəsmisi əsgərlərin müalicəsinin başa çatmasından sonra vətənə qayıdacağını da söylədi. “Yeganə diləyimiz onların sağ-salamat geri qayıtmasıdır”.

Qeyd edək ki, avqust ayının 9-da TİKA-nın dəstəyi ilə Azərbaycanın 3 yaralı əsgəri - Sərxan Tahirzadə,  Ədalət Məmmədov və Elvin Əsgərzadə Ankaradan göndərilmiş xüsusi tibbi təyyarə ilə qardaş ölkəyə müalicəyə yola salınıb. Əsgərlərdən biri gözünü itirib, o birinin isə hər iki ayağı amputasiya olunub, qarnından yaralanmış 3-cü əsgərin vəziyyəti digərlərinə nisbətən yaxşıdır.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu