Doktor Cavad Heyətin ölüm xəbərini eşidəndə yadıma düşən ilk məqam mərhum fotomüxbirimiz Cahangir İbadovun hələ 14 il əvvəl çəkdiyi bir şəkil və həmin şəkil ətrafında ortaya çıxan zarafat oldu.
Doktorla ilk görüşümüz 2000-ci ildə Bakıda o zamankı Respublka Sarayında olmuşdu. Orada “Kitabi - Dədə Qorqud” Dastanının 1300 illiyinə həsr olunmuş beynəlxalq tədbir keçirilirdi. Çox ölkələrdən qonaqlar var idi. Mən Cavad Heyətdən qəzetimiz üçün müsahibə götürdüm. İlk sualım belə oldu ki, nə üçün türk xalqlarının hərəsi Dədə Qorqudun yaşına ayrı cür yanaşır? Türkmənlər onun 1500 illiyini qeyd edir, biz 1300 illiyini. Başqa bir xalq isə 1400 illiyini qeyd etməyin vacibliyini bildirir.
Cavad Heyətin cavabına baxın:
- Əvvəla, biz Dədə Qorqudun yox, kitabın yubileyini qeyd edirik. İkinci, sabah kimsə çıxıb bu dastanın 2000 illik yubileyini qeyd etmək istəsə, o da haqlı sayıla bilər. Hərgah bunu elmi şəkildə sübut edə bilsə. Yəni, biz həmin dastanda 1300 il əvvəlki tariximizin və ədəbiyyatımızın səhifələrini görürük və sübut edirik. Türkmən alimləri isə orada özlərinin 15 əsr əvvəl mövcud olmuş ənənələrini görür və həmin tarixi ənənələrə əsaslanırlar. Dastan da bir adam deyil ki, onun da sizin bu foto müxbiriniz kimi konkret doğulma tarixi olsun.
Doktorun bizim fotomüxbirimizə zarafat etməsi təsadüfi deyildi. Əvvəla ona görə ki, saqqaldaş idilər. Hər ikisi eyni ildə doğulmuşdu. İkincisi, Cahangir müəllim bir şəkil çəkmək üçün Cavad Heyətin duruşuna 4-5 dəfə quruluş vermişdi. Üstəlik tez-tez də deyirdi ki, hər şəkil bir tarixdir. Cahangir müəllimin həmin zarafatına Cavad Heyət zarafatla münasibət bildirmişdi ki, məgər biz dünyadan köçməyə hazırlaşırıq?
İndi Cahangir müəllim də dünyada yoxdur, Cavad Heyət də, şəkildəki digər görkəmli insan – Azərbaycan Yazıçılr Birliyi Naxçıvan filialının sədri, xalq yazıçısı Hüseyn İbrahimov da. Allah hamısına rəhmət eləsin!
Doğrudan da, hər şəkil bir tarixçədir, doktor. Yaxşı ki, o zaman Cahangir müəllimin sözündən çıxmadıq.
İttifaq MİRZƏBƏYLİ,
əməkdar jurnalist