ATƏT-in Minsk Qrupuna həmsədr olan ölkələrlə əməkdaşlıq edən Azərbaycan parlamentinin dostluq qrupları Dağlıq Qarabağda girov saxlanılan vətəndaşlarımız Şahbaz Quliyev, Dilqəm Əhmədovun, həmçinin öldürülərək orada dəfn edilən Həsən Həsənovun meyitinin geri qaytarılması üçün hansısa addımları atıblar?
Modern.az saytı bu sualla bir neçə parlamentlərarası dostluq qrupunun nümayəndəsinin fikrini öyrənib.
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elmira Axundova: “Bildiyiniz kimi dövlət rəhbərləri Soçidə görüşdülər. Şəxsən Rusiya prezidenti Vladimir Putinlə müzakirələr oldu. Mən əminəm ki, girovlarımızın geri qaytarılması məsələsi də orada müzakirə olunub. Hesab edirəm ki, Vladimir Putin ən etibarlı mənbədir, ona görə də, Rusiya tərəfi məsələnin nizama salınmasında çox aktivdir. Prezidentlər səviyyəsində müzakirə olunduğundan dostluq qruplarının belə bir təşəbbüslə çıxış etməsinə ehtiyac görmürəm. Mənə elə gəlir ki, Böyük Britaniya, həmçinin Avropa dövlətləri insan hüquqlarını müdafiə edən ölkələr olaraq, bizim girovlarımızın da hüquqlarını qorumalıdırlar. Hüququ tapdalanan insanlarımızın sayı 2-3 yox, yüz minlərlədir”.
Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Jalə Əliyeva: “Girovlarımızın azad olunması ilə bağlı Azərbaycan respublikasının mövqeyi birmənalıdır. Son Soçi görüşündə də bütün bunlar ətraflı müzakirə edildi. Girovlarımız hər birimizi narahat edən məsələdir. İstər Azərbaycan hökuməti, istər parlament öz mövqeyini bildirib. Ayrı-ayrılıqda dostluq qruplarının da məsələyə münasibət bildirməsi ümumi işin yararına olacaq bir addımdır. Başqa qruplardan belə bir təşəbbüs həyata keçirilibsə, bunu yalnız təqdir etmək olar. Sadəcə indi parlament tətildədir. İnanıram ki, yaxın zamanda məsələ müzakirə obyekti olacaq. Bunun üçün dostluq qrupunun ümumi rəyi lazımdır”.
Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Məlahət İbrahimqızı: “Yazılı formada olmasa da , siyasətçi, millət vəkili olaraq girovlarımızın geri qaytarılması üçün müəyyən müraciətlər etmişik. ABŞ, Fransa, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrləridir. Ümumiyyətlə, mümkün dərəcədə bütün beynəlxalq təşkilatlara müraciətlər edilməlidir. Hesab edirəm ki, sizin də söylədiyiniz kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrə mütləq müraciət etməliyik. Çünki onlar Qarabağ konfliktinin həll olunmasında bilavasitə rol oynayırlar, bu məsələlərdə onlar məsuliyyət daşıyırlar. Girovlarımız da Qarabağ konfliktinin bir parçası, bundan qaynaqlanan məsələ olduğundan həmin ölkələrə yorulmadan, usanmadan müraciət etməliyik. Bunu şifahi şəkildə, internet vasitəsilə, şəxsi formada etsək də, qrup halında belə bir təşəbbüs irəli sürmək təqdirəlayiq olar. Amma bir narazılıq da var ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri artıq bizdə ümidsizlik yaradıblar, bu quruma inam hissi azalıb. Sadəcə turist kimi gəlib-gedirlər. Bütün bunlara baxmayaraq, necə ki, ermənilər haqsız ikən sözdə “erməni soyqırımı” məsələsini həyasızcasına söyləməkdən usanmırlar, biz də həqiqətlərimizi söyləməkdən usanmamalı, dünyaya çatdırmalıyıq. Dünyadakı “görməyən gözlər” bu həqiqətləri görənədək biz də israrla davam etməliyik”.
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Feyziyev: “Məsələ burasındadır ki, indi Fransa senatının və parlamentinin bütün üzvləri tətildədir. Son həftələr baş verən hadisələrdən sonra biz onları tapa bilməmişik. Mən inanıram ki, girovlarımızın geri qaytarılması baş tutacaq. Nəinki başqa ölkə parlamentləri, digər beynəlxalq təşkilatlar da bu cür müraciətdə bulunublar, buna görə də inanıram ki, girovlarımız tezliklə azad ediləcək. Senatorların tətil zamanına düşdüyündən bu məsələni onlara çatdıra bilməmişik, çünki, onlar tətil zamanı çalışmağı sevmirlər”.
Gülşən RAUFQIZI