Hazırda ümumtəhsil məktəblərinin II-IV siniflərində “Şahmat” fənni tədris olunur.
Bu barədə Modern.az-nın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov cavab verib.
Şöbə müdirinin sözlərinə görə, hazırda ölkənin 489 məktəbində “Şahmat” fənninin tədrisi ilə bağlı pilot layihə həyata keçirilir. “Şahmat” fənni II-IV siniflərdə dərsdənkənar məşğələlərə ayrılmış vaxt hesabına dərs cədvəlinə daxil edilməklə həftədə bir saat tədris edilir”.
Bu fənnin tədrisi üçün müəllimlərin seçilməsinə gəlincə, şöbə müdiri bildirib ki, şahmat üzrə nəzəri və praktik bacarıqları olanlar treninqlərdən keçdikdən sonra fənnin tədrisinə cəlb edilirlər. “Hazırda şahmat fənnini tədris edən müəllimlərdən 3 nəfəri idman ustası, 8 nəfəri ustalığa namizəddir, 162 nəfərin isə şahmat üzrə idman dərəcəsi var.
Aydın Əhmədov fənnin tədrisinə Şahmat Federasiyasından müəllimlərin cəlb olunduğunu bildirib. “Hazırda ölkə üzrə 554 nəfər müəllim II-IV siniflərdə şahmat fənnini tədris edir”.
Gülşən RAUFQIZI