Savadlı adam mütaliə etmirsə, təkrar savadsızlığa məhkumdur. İnsan gərək bütün ömrü boyu maariflənsin. Maariflənmək üçündə ən gözəl vasitə kitablardır. Son zamanlarda Azərbaycanda “Qanun” Nəşrlər Evinin təşəbbüsü ilə kitab yarmarkaları təşkil olunur. Bu yarmarkalara oxucu marağı heç də az deyil. “Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu deyir ki, yarmarkalar davam edəcək. Bəs digər nəşriyyatlar necə? Onlar yarmarka təşkil etmək istəyirlər? Modern.az saytı nəşriyyatlarla əlaqə saxlayıb.
Şöhrət İxtiyaroğlu (“Qədim Qala” nəşriyyatının meneceri): “Kitab yarmarkaları təşkil etmək planımızda var. Yaxın gələcəkdə həyata keçirməyi düşünürük. Özümüzün də gözlədiyimiz nəşrlərimiz var ki, onlarda hazır olduqdan sonra təşkil etməyi istəyirik. Yarmarkanın dəqiq nə vaxt təşkil olunacağını deyə bilməyəcəm. Bizim nəşrlərimizin çıxacağı vaxtdan asılıdır. Nəşriyyat işində bəzən planlaşdırdığımız vaxtda işlər alınmır. Bizim özümüzün 30-a yaxın kitabımız var. Nəşrlərimizin sayını artırmaqla davam edirik. Bir neçə kitabımız var ki, onlarda nəşr olunandan sonra biz bu barədə məlumat verəcəyik”.
Anar Mabudov (“Xəzər” nəşriyyatının rəhbər): “Biz özümüz yarmarkalar təşkil etmirik, amma dövlət tərəfindən təşkil olunan bütün sərgilərdə iştirak edirik. Həm Bakının rayonlarında keçirilən, həm də iki ildən bir təşkil olunan beynəlxalq sərgilərdə iştirak etmişik. Özümüzdə bir neçə dəfə yarmarkalar təşkil etməyə cəhd etmişik, amma alınmayıb. Hazırda nəşriyyatımızda 80 çeşiddə kitabımız var. Bunlar romanlar, ailə, əxlaqi-didaktik kitablardır. Yarmarkalar təşkil olunsa bütün bu kitablardan istifadə olunacaq”.
Müşfiq Xan (“Hədəf” nəşriyyatının rəhbəri): “Hədəf” nəşriyyatı keçən il mütəmadi olaraq yarmarkalar təşkil edirdi. Bu il isə bir neçə dəfə keçirilib. Bizim Bakı şəhər Mədəniyyət və Turizm idarəsi ilə 6 illik müqaviləmiz var. Bakının bütün Mədəniyyət evlərinin qarşısında, müxtəlif qəsəbə və kəndlərində səyyar kitab sərgisi təşkil edirik. Sadəcə olaraq yeni kitab mağazamız açıldı. Komandamızda vaxt problemi oldu. Buna görə də yarmarkaları təşkil edə bilmədik. Amma maraq var idi. Səyyar kitab sərgisinə sentyabr-oktyabr aylarında başlamaq istəyirik. Ola bilsin ki, ali məktəblərində həyətlərində icazəli şəkildə təşkil olunsun. Adətən yarmarkaya öz kitablarımızı çıxarırıq, amma xarici ölkələrdən də gələn kitablara yer ayırırıq. Təxminən 100 addan çox bədii və uşaq ədəbiyyatı, 70-80 adda da metodiki vəsaitlərimiz var. Qalanlar Türkiyədən gətirdiyimiz, kitab mağazasında olan kitablardır. Hətta Azərbaycanda olan müxtəlif nəşriyyatlarında kitablarını çıxarırıq”.
Rüfanə GÜNƏŞ