Modern.az

Xalq artisti: “Ailə üzvlərimi qətlə yetirən məmur oğlu təqsirini etiraf etdi”

Xalq artisti: “Ailə üzvlərimi qətlə yetirən məmur oğlu təqsirini etiraf etdi”

14 Avqust 2014, 13:56

“Bəli, oğlum Vüqar və gəlinim Səadətlə birgə məhkəmə prosesdə iştirak etdik”. Bu barədə Modern.az-a ailə üzvlərini yol qəzasında itirən tanınmış tarzən Ağasəlim Abdullayev danışıb.

“Məhkəməyə hakim Əlövsət Abbasov sədrlik edirdi. İttihamnamə oxundu, Xalid Mədətov hadisəni törətməkdə özünü təqsirli bildiyini etiraf etdi. Həm də etiraf etməyə borclu idi, çünki ortada ölüm var. Mənim iki ailə üzvüm ölüb”.

Xalq artistinin sözlərinə görə, növbəti məhkəmə prosesi avqustun 22-nə təyin olunub.
“Qanuna görə, Cinayət Məcəlləsinin 263.1.4-cü maddəsiylə təqsirləndirilən şəxsi 7 ildən 12 ilə qədər cəza gözləyir. Amma Xalid Mədətovun neçə il həbs cəzası alacağı hakimdən asılı olacaq”.

Qeyd edək ki, bu il martın 15-də Suraxanı rayonu ərazisində, Zığ şosesində X.Mədətov “Mercedes-Benz Gelandewagen-55” markalı avtomobilini idarə edərkən onu xalq artisti Ağasəlim Abdullayevin oğlunun idarə etdiyi “VAZ-2106”a çırpıb. Nəticədə “VAZ-2106”da olan sərnişinlər - xalq artsitinin həyat yoldaşı, 1959-cü il təvəllüdlü Brilyant Abdullayeva və 2008-ci il təvəllüdlü nəvəsi Ağasəlim Abdullayev hadisə yerində keçinib.

Fakt üzrə Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Sürücü X.Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263.1.4-cü maddəsinə tövsiyyə olunub.

Gülşən RAUFQIZI 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu