Hazırda Azərbaycanda internet televiziyaların sayı durmadan artır. Lakin yaranan internet TV-lər həm uzun ömürlü olmur, həm də geniş tamaşaçı kütləsi qazana bilmir. Modern.az-a danışan media eksperti Zeynal Məmmədli bunun səbəbinin reklam bazarının yoxluğunda görür:
“Prinsipcə, reklam bazarı yoxdursa, reklam bazarından qazanmaq mümkün deyilsə, televiziyalar öz proqramlarını genişləndirə bilməyəcəklər. Eyni zamanda bazarda inhisarlaşma var. Bazarda inhisarlaşma olunca, deməli söz və mətbuat azadlığı ilə bağlı da inhisarlaşma var. Yəni bu azadlığın olmaması və ya məhdud olması müstəqil proqram hazırlamağı əngəlləyir. Belə olanda bu tip televiziyaların öz varlığını saxlamağı kiminsə təşəbbüsü səviyyəsində qalır. Bu pullu bir insan da, özünü media bazarında sınamaq istəyən bir adam da ola bilər. Əsas səbəb bu iqtisadi vəziyyətdir. Başqa səbəb axtarmağın yeri yoxdur. Çünki hər halda Azərbaycan bazarında xəbərə böyük önəm verilir”.
Z. Məmmədlinin sözlərinə görə, internet TV qarşısına ənənəvi televiziyaları yamsılamaq məqsədi qoymamalıdır: “Ənənəvi televiziyalar ənənəvi yayımda olduqlarından təbii ki, onlara baxanlar var. Amma bu televiziyalara baxanların da sayı da ildən-ilə sürətlə azalır. Bunun üçün sadəcə sosioloji araşdırma keçirtmək lazımdır. Amma danılmaz bir faktdır ki, Azərbaycan tamaşaçısı artıq xarici televiziyalara meyllənib və bizim kanalları olsa-olsa, bircə xəbərlər üçün, ya da təsadüfi, tutalım, Xoşqədəm Hidayətqızının proqramı kimi proqramlar üçün açır. Siz görəcəksiz ki, 100 adamdan təxminən 15-i yerli kanalla ünsiyyət saxlayır. Bu bazardakı azalma yerli kanallara da aiddir.
Prinsipial olaraq, sırf TV kimi ənənəvi TV ilə internet TV arasında fərq yoxdur. Amma söhbət internet TV-sindən gedirsə, bu, TV qarşısına ənənəvi televiziyaları yamsılamaq məqsədi qoymamalıdır. Görünür ki, bu televiziyalar daha çox xəbər aspektində getməlidir.
Əslində dünya bazarına baxsanız, görərsiniz ki, internet TV-lərin uğuru çox təsadüfidir. Görünür, onların ya zamanı gələcək, ya da ki internet TV necə olmalıdır sualının cavabını tapa bilmirlər. Beynəlxalq konfranslarda da bu məsələ tez-tez müzakirə olunur. Əvvəla bu TV bahalı olmamalıdır, amma, necə olmalıdır ki, həm ucuz olsun, həm də maraq tapsın. Burada da siyasi, iqtisadi, vərdiş faktorları rol oynayır”.
Misranə Həsənzadə