Modern.az

Təhsil Nazirliyi Bakıda Distant Təhsil Mərkəzinin yaradılmasını nəzərdə tutur

Təhsil Nazirliyi Bakıda Distant Təhsil Mərkəzinin yaradılmasını nəzərdə tutur

Təhsil

15 Avqust 2014, 15:31

“Sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinin keyfiyyətinin daha da artırılması, onların cəmiyyətə inteqrasiyası, İKT avadanlıqlarından istifadənin öyrədilməsinin təmin olunması məqsədi ilə Bakı şəhərində Distant Təhsil Mərkəzinin yaradılması nəzərdə tutulur”.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin mətbuat xidmətindən bildiriblər: “Distant təhsilin inkişaf etdirilməsi və sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan şagirdlərin bu prosesə cəlb olunması ilə əlaqədar olaraq 2010-cu ildən etibarən Təhsil Nazirliyi tərəfindən “Elektron Təlimləndirən Sistemlər” məsafədən təhsil layihəsinin icrasına başlanılıb”.

Belə ki, layihənin əsas məqsədi evdə təhsil alan, distant təhsilə cəlb etməkdir: “Distant təhsillə bağlı Təhsil Nazirliyinə 240-dan çox müraciət daxil olub. Biz sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiya olunmasına dəstək vermək, təhsil almaq imkanlarını yaxşılaşdırmaq, kompüterdən və elektron resurslardan istifadə bacarıqlarını artıraraq  İnternetə çıxış imkanlarını yaratmaq üçün işlər görürük”.

Sorğuda həmçinin bildirilir ki, “Elektron Təlimləndirən Sistemlər” adlı layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan məktəbyaşlı uşaqların distant təhsili ilə əlaqədar müxtəlif işlər həyata keçirilib: - Bakı, Gəncə şəhərləri, İsmayıllı, Qazax, Ağstafa, Tovuz, Bərdə, Samux rayonları üzrə sağlamlıq imkanları məhdud olan 160 şagird və 40 müəllim ən yeni kompyuter avadanlığı və proqram təminatları ilə; - şagirdlərin yaşadıqları 160 ev Azərbaycan Təhsil Şəbəkəsinə qoşularaq, ADSL internet bağlantısı ilə təmin edilmiş, o cümlədən şagirdlərin dərs prosesinin idarə edilməsi məqsədi ilə Bakı şəhəri 220 nömrəli tam orta məktəbin seçilmiş otaqları yüksək sürətli fiberoptik İnternet və İntranet bağlantıları ilə təchiz olunub; - distant təhsilin inkişafı ilə əlaqədar yaradılmış distant tədris mərkəzi İKT avadanlıqları ilə təmin edilib; - distant təhsilin icrasını təmin etmək məqsədilə İKT avadanlıqlarından və texniki vasitələrdən istifadə üzrə texniki dəstək xidmətləri göstərilib; - distant təhsilinin icrasını təmin etmək məqsədilə müəllimlər, şagirdlər və valideynlər üçün İKT avadanlıqlarından və texniki vasitələrdən istifadəyə dair metodiki vəsait hazırlanmış və müvafiq təlimlər keçirilib; - “Elektron Təlimləndirən Sistemlər” layihəsi çərçivəsində müəllim, şagird və    valideynlərin təhsil  prosesinə cəlb olunması üçün təhsil portalı (www.mesafedenmekteb.edu.az) yaradılmış və tədris materiallarının yerləşdirilməsi məqsədi ilə “Moodle” platforması portala inteqrasiya  edilib. Qeyd edək ki, respublika üzrə sağlamlıq imkanları məhdud olan uşaqların sayı 7847 nəfər təşkil edir.  

Rüfanə GÜNƏŞ

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu