Avqustun 10-da keçirilən seçkilərdə Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsindən sonra yeni baş nazirin kim olacağı ilə bağlı məsələ gündəmə gəlib. Müzakirələrin indiki mərhələsində adı daha çox hallanan xarici işlər naziri Əhməd Daudoğludur. Onun baş nazir, həm də hakim Ədalət və İnkişaf Partiyasının başçısı gətiriləcəyi ehtimalı daha çoxdur. Təbii ki, bu halda Türkiyə hökumətinin yenidən formalaşması məsələsi, eyni zamanda yeni xarici işlər nazirinin kim olacağı da gündəmə gələcək.
Modern.az saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Əhməd Davudoğlunun yerinə Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan və Avropa işləri üzrə nazir Mövlüd Çavuşoğlunun adları daha çox çəkilir. Məlumata görə, mədəniyyət və turizm naziri Ömər Çelik prezident Tayyib Ərdoğana yaxın çalışacaq və Çankaya köşkü ilə - baş nazirlik arasındakı əlaqələrin əhəmiyyətli siması olacaq.
AKP-nin rəhbərinin iqtisadiyyat üzrə məsul köməkçisi Numan Kurtuluşun iqtisadiyyat üzrə məsul baş nazir köməkçisi olması da istisna deyil. Bundan başqa maliyyə naziri vəzifəsinə isə AKP-nin qrup başqan vəkili Nurettin Caniklinin adı keçir. İndiki nazirlər Nihat Zeybekçi və Cövdət Yılmazın isə yerlərini qoruyacağı söylənilir.
Keçmiş nəqliyyat naziri Binəli Yıldırımın yeni kabinetdə baş nazirin müavini olacağı ehtimalı böyükdür. Bəşir Atalay baş nazir müavini kürsüsünü qoruyacaq. Baş nazirin digər müavini Emrullah İşlerin isə başqa nazirliyə keçəcəyi haqda söhbətlər gedir.
Modern.az