Modern.az

Abel Məhərrəmov tələbə və valideynlərlə görüşüb

Abel Məhərrəmov tələbə və valideynlərlə görüşüb

Təhsil

15 Avqust 2014, 16:53

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov 2014/2015-ci tədris ili üçün BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu ilə tanış olub, sonra universitetin həyətində tələbə və valideynlərlə görüşərək təbriklərini çatdırıb.

Valideynləri maraqlandıran suallara cavab verən rektor, eyni zamanda yataqxana məsələsindən də danışıb. Son vaxtlaradək məcburi köçkünlərin məskunlaşdığı yataqxananın yarasız vəziyyətdə olduğunu deyən rektor, həmin binaların bir qisminin söküldüyünü və həmin ərazidə təxminən 7 min tələbənin məskunlaşa biləcəyi böyük yataqxana kompleksinin inşa olunacağını da diqqətə çatdırıb.

Övladı universitetin Tətbiqi-riyaziyyat və informatika fakültəsinə qəbul olmuş Mehrab Usubov valideynlərlə  görüşdüyü və onları maraqlandıran suallara aydınlıq gətirdiyi üçün rektora təşəkkür edib.

Sonra bir qrup valideyn universitetin Tədris Elektron Mərkəzi, çoxsaylı laboratoriyaları, auditoriyaları, idman kompleksi və yeməkxanaları ilə tanış olublar. Valideynlərdən Səyyaf Yusifov, İqbal Adiloğlu, İradə Soltanova, Cəfər Əliyev, Sahibəli Fərəcov universitet mühitinin onlarda yüksək təəssürat oyatdığını qeyd ediblər.

Xatırladaq ki, universitetin builki qəbul planı 4325 nəfərdir və bu günə olan məlumata görə artıq 3659 nəfər qeydiyyatdan keçib. Ödənişli təhsilə qəbul olan tələbələrin təxminən 300 nəfəri güzəştli kateqoriyaya (məcburi köçkünlər, şəhid ailələri, valideyn himayəsindən məhrum olmuş və Azərbaycanın ərazi bütövlüyü uğrunda əlil olmuşların övladları)  düşdükləri üçün təhsil haqqının ödənilməsindən azaddırlar. 

Qeyd edək ki, 2014-2015-ci tədris ilində tələbə adını qazanan abituriyentlərin sənədlərinin qeydiyyat prosesi avqust ayının 22-dək uzadılıb. Boş qalmış yerlərə qəbul olmuş abituriyentlərin son qeydiyyat tarixi isə avqustun 28-də başa çatacaq.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu