Modern.az-ın məlumatına görə, Təhsil Nazirliyi tərəfindən keçirilmiş müsabiqənin nəticələrinə əsasən, SABAH qruplarına 738 tələbə qəbul olunub.
SABAH qruplarının Azərbaycanda fəaliyyət göstərən 34 ali təhsil müəssisəsinin birinci kurs tələbələrindən, 53 ixtisas üzrə müsabiqə yolu ilə formalaşdırılması nəzərdə tutulub. Müsabiqə prosesi üç mərhələdən – elektron ərizələrin qəbulu, test imtahanı və müsahibə mərhələsindən ibarət olub.
Elektron ərizələrin qəbulu SABAH qruplarının rəsmi saytı (www.sabah.edu.az) vasitəsilə 12 may-15 iyun tarixlərində aparılıb. Elektron müraciət edən 2479 tələbədən 2034-ü sənədini təsdiqləyib.
SABAH qruplarına test imtahanı 6 iyul 2014-cü il tarixində Bakıda və Naxçıvan şəhərlərində eyni vaxtda keçirilib. Test imtahanında iştirak etmiş tələbələrin imtahan nəticələrinin yekun təhlili aparılarkən ixtisasların prioritetliyi nəzərə alınıb. Müsahibəyə buraxılmış 859 tələbədən 843 nəfəri müsahibədə iştirak edib.
Misranə Həsənzadə