Modern.az

Ağasəlim Abdullayev, bağışla!

Ağasəlim Abdullayev, bağışla!

15 Avqust 2014, 21:33

12 ilin sözü olar. Atam, anam, mən, həyat yoldaşım və iki qızım “Volqa” maşınımızda Yardımlıya gedirdik. Cümləm çox uzun oldu, eləmi? Yazsaydım ki, “ailəlikcə gedirdik” – bəs etməzdimi? Amma məqsədim var. Ona görə hamını qeyd etdim.

Maşını mən sürürdüm. Salyana çatmamış 100-cü kilometrdə yol ayrıcı var. Burda həm də çayxana-kafelər də fəaliyyət göstərir. Mən də maşını qaydasında sürürdüm. Ümumiyyətlə lap düz yolda da sürəti 80-dən yuxarı qaldırmazdım. Bu yerə çatanda birdən kafedən pişik çıxıb yola doğru qaçmağa başladı. Arxada maşın, qarşı tərəfdən də maşın gəlirdi. Əyləci bassaydım arxadan vuracaqdılar. Bəlkə də zəncirvari qəza yarana bilərdi. Sol tərəfə qaçırsaydım üzbəüz gələn avtomobilə çırpılacaqdım. Başqa əlacım qalmadı. Pişiyi basdım. Bir xırçıltı səsi gəldi. İndi də qulağımdadır. Bir az gedib maşını saxladım. Üzümə su vurdum. Atam yaşına görə sürücülükdən imtina etməsəydi bəlkə də ona verərdim sükanı. Bir az özümə gəldim. Amma düz Yardımlıyacan 50-dən yuxarı qalxa bilmədim. O xırçıltı səsi qulağımdan getmirdi. Rayon mərkəzlərinin içindən keçəndə piyadalar öz yerində, gözüm hey pişik axtarırdı. Qorxurdum. Mənəvi zərbə almışdım. Birdən pişik olmayaydı, adam olaydı – bəs onda nə edəcəkdim. Əyləci basıb maşını saxlaya biləcəkdimmi? Çox ölçdüm-biçdim. Gördüm ki, yox. Şükür elədim. Amma pişik də canlı idi. Məni polisə, müstəntiqə, məhkəməyə çəkmədilər, cəza da vermədilər. Amma ki, cəzamı daxilim də bu gün də çəkirəm. Bakının dar küçələrindən keçdikdə hər hansı bir dalandan, qapıdan yola uşaq çıxacağından ehtiyatlanıram. Pişik gəlib durur gözümün önündə.

SÜRÜCÜ

Sürücü sənət deyil. Amma çox məsuliyyətli bir işdir. Bu əhvalatı oxumusunuz. Amma təkrar etsəm yerinə düşər.

“Atam təzə “QAZ 24-10” maşını almışdı. Qarajdan çıxarıb silirdim. Bu dəm Bəxtiyar əmi (Bəxtiyar Vahabzadə) blokdan çıxdı.

- Salam, Bəxtiyar əmi.

- Salam, ay bala. Əlini (sürücüsü) görməmisən?

- Yox.

- Mən də tələsirəm. Harda qaldı bu?

- Bəxtiyar əmi, mən apara bilərəm.

- Yox, ay bala, yolda bir qəza-zad törədərsən... Sonra gəl Qabilə cavab ver.

Güldüm. Evli, bir uşaq atası olan mənə bu sözü deməyindən özü də... Nə isə, balkonda dayanan Dilarə xalaya - Əliyə deyərsən gələr universitetə. Mən tələsirəm, Mahirlə getdim- deyib əyləşdi maşına.

- Bəxtiyar əmi, həmişə sizin də, atamın da maşını olub. Amma atam maşını özü sürür, Siz isə sürücü saxlayırsınız. Niyə?

- Ay bala, sürücü olmaq çox məsuliyyətli işdir. Birinci özünə cavabdehsən, ikinci maşına, üçüncü də maşında oturanlara. Mən bu boyda məsuliyyəti boynuma götürə bilmərəm”.

Bəxtiyar əmi bunu elə-belə demirdi. Özü maşın sürəndə nəsə olmuşdu ki, bu qənaətə gəlmişdi. Ona görə sürücülərin başqa adı da var: Potensial cani.

BƏSTƏKAR, QONŞU SÜLEYMAN ƏLƏSGƏROV

Altı nəfərdən ibarət İmamverdiyevlər ailəsi tətilə gedirdik. Mən 4-cü mərtəbədən şey-şüyü daşıyır, baqaja yerləşdirirdim. Atamsa həyətdə var-gəl edirdi. Nəhayət dəmir qapını da bağlayıb anam, həyat yoldaşım, iki qızım həyətə düşdük. Gördüm ki, atam qonşumuz, bəstəkar Süleyman Ələsgərovla söhbət edir. Yəqin ona demişdi ki, rayona tətilə gedirik. Sağollaşanda birdən Süleyman əmi atama:

- Qabil, bütün ailəni bir maşına otuzdurursan?

- Hə. Mahir təkdir, başqa uşaq yox, nəvələr balaca. Çox olsaydılar iki maşın tutardım.

- Yox e... belə təhlükəlidir. Mən həmişə rayona gedəndə ailəni ayrı-ayrı maşınlara otuzdururam. Allah eləməmiş bir şey olsa kimsə sağ qalsın.

YEDDİ SANİYƏ

Atamın xalası oğlu vardı – Əsəd xalaoğlu. Yeyib-içən kişi idi. Köhnənin də professional şoferi idi. Amma içəndən sonra sükan arxasına oturanda sanki ayılırdı. Bir dəfə mənə də öyüd-nəsihət kimi bir söz dedi:

- Mahir, yadında saxla, heç vaxt içib maşın sürmə.

- Niyə? Atam da içir, siz də. Sonra oturursunuz rula.

-Sən bizə baxma. Biz çətin düzələy. Amma bir şeyi başa düş ki, içki hər hansı situasiyada reaksiyanı 5-7 saniyə azaldır. Alə, bilirsən ki, 5 -7 saniyə nədir? Maşın sürəndə iki saniyə də bəs edər ki, kimisi görməyib basıb keçəsən. Bir də ki, qəza zamanı taqsır lap səndə olmasın. İçkilisənsə taqsırkar səni çıxardacaqlar.

Düzdür, buna riayət etmirdim. Atam öləndən sonra başladım əməl eləməyə. Çünki bir qələt eləsəydim dalımca polisə gələn olmayacaqdı. İndi-indi başa düşmüşəm ki, istər arxan olsun, istər olmasın adam içkili vəziyyətdə sükan arxasına oturmaz. 48 yaşım var – deyəsən gec başa düşmüşəm, amma axır ki, başa düşmüşəm. Cavan uşaqlar da mənim yaşıma çatanda başa düşəcəklər.

QAN BAHASI

Hərə bu sözü bir cürə başa düşür. Çoxu bunu kimsə kimsəni bilməyərəkdən öldürən vaxt, xüsusilə də yol-qəza hadisələrində , taqsırkar tərəfin dəfn xərclərini, dəymiş ziyanı ödəməsini, hətta ortaya nəğd pul qoyub bağışlanmasını diləməsini qan bahası kimi başa düşür. Bəzən bir nəfərin ölməsi bütün ailənin dirçəlməsinə, xoşbəxtliyinə, hətta qohum olmağına səbəb olur. Burda zərər çəkənlə zərər vuranın ailələrinin intellektual səviyyəsini qeyd etmək yerinə düşərdi. Amma atam danışdığı bir əhvalatla qan bahasının tamam başqa bir şey olduğunu mənə anlatdı:

“Qədim Bakıda, qoçularının pistoletlə gəzdiyi, bir sözə görə insanların hamının gözü qabağında bir-birini öldürdüyü vaxtda yaşlı ər-arvad küçəylə gedirmişlər. Birdən avaranın biri bunlara yanaşır. Arvada söz atır. Kişinin əli silaha gedir. Amma birdən dayanır. Avara da gülə-gülə qadına satşmağında davam edir. Kişi səbr edərək, əlini cibinə salır. Bir qızıl çıxararaq avaraya verir. O da qızılı alır, ağzını yumur, sevinə-sevinə onlardan aralanır. Arvadı soruşur:

-Ay kişi sən nə edirsən? Öldürmədin öldürmədin. Heç olmasa bir şapalaq çəkəydin, uzanaydı yerə. Sən isə çıxarıb pul verirsən. Özü də qızıl.

-Arvad, bir səbrin olsun.

Beləcə ər-arvad yollarına davam edirlər. Səfil də pulu əlində oynada-oynada qabaqdan bir başqa kişiylə gələn arvad-uşağa yaxınlaşıb onlara da sataşır. Kişi də hirslənib, qəməsini çıxararaq soxur bu avaranın qarnına. O da sərələnib yerə ölür.

- Arvad, gördün? Mən ona pul verəndə o bədbəxt elə başa düşdü ki, mən sataşmağını qiymətləndirdim. Həvəslənib gedib qabaqdakılara da sataşdı ki, bəlkə o da pul verə. Nəticədə qanına qəltan elədilər. Əslində isə o bir qızıl onun qan bahası idi. Qanı məndən uzaq oldu”.

Düzdür, bu əhvalat inandırıcı görsənməsə də, öz ailəsinin qanını pulla qiymətləndirməyi – qan bahası deyib pul götürməyi şəxsən mən düzgün hesab etmirəm. Və bu cür insanlara pis baxıram. Bağışlayırsansa bağışla. Heç bir qan bahası olmadan. Buna deyərəm böyüklük, kişilik, müdriklik. Sonrası başqa söhbətdir. Qan bahası deyil. Mərdliyə layiqli qarşılıq verməkdir.

ŞAMAXI

Sovet vaxtı QAZ-24-ü olanları barmaqla göstərirdilər. Toylarda da “Volqa”yla maşın gətirmək prestij sayılırdı. Şamaxıda bir ailə vardı. Müəllim ailəsiydi. Oğlu ali məktəbin üçüncü kursunda oxuyurdu. Atasının QAZ-24-ü vardı. Tətilə gələndən-gələnə maşını o da sürürdü. Bu cür tətillərin birində dostunun toyu olur. O da bir dost kimi maşınıyla birlikdə olur dostunun əmrinə müntəzir. “Volqa”nı bəzəyirlər, kapotuna gəlincik bərkidirlər. Şamaxıda dəbdir. Balaca uşaqlar gəlin maşınının qabağını kəsərlər. Kəndə yaxınlaşanda uşaqlar nəinki yolu kəsirlər, hətta üzüm plantasiyalarından artıq qalan dəmir tellərlə yolu bağlayıb dururlar. Maşın onlara yaxınlaşır. Xələt alandan sonra uşaqlar teli yoldan çıxarıb boşaldırlar. Sürücü də yerindən tərpənir. Beş metr aralanmamış birdən qəribə xırçıltı, qışqırıq səsləri gəlir. Maşından düşüb görür ki, balaca bir uşaq təkərin altında can verir. Sonradan aydın oldu ki, demə teli yığışdırarkən bir ucu maşına ilişib, o biri ucu isə onu yığışdıran uşaqlardan birinin şalvarının balağına. Maşın hərəkətə başlayanda dartıb salıb təkərin altına.

Düzdür bu hadisədir. Heç kim istəməzdi ki, belə olsun. Uşağın valideynləri, qohumları da, hüquq-mühafizə orqanları da buna anlaşıqlı yanaşmışdılar. Amma bu mənzərəni görən sürücü heç cürə özünü bağışlaya bilmədi. Məhkəməni məcbur elədi ki, onu həbs etsinlər, türməyə salsınlar. Baxmayaraq ki, ali məktəbdən də qovulacaqdı. Həbsə getdi, dörd il yatdı, çıxdı və bununla da yüngüllük tapdı. Yenidən instituta girdi, evləndi. Həyat davam elədi.

MƏDƏTOVLAR AİLƏSİ

Mən bu ailəni yaxşı tanıyıram. Daha dəqiq desək, atamın xalası qızı Fəridə indi həbsdə yatan Xalid Mədətovun anasıdır. Mübariz də yaxşı adamdır. Atam öləndən sonra əlaqələr kəsilib. Mən bunu “O atlı, mənsə piyada” misalındakı kimi qiymətləndirirəm. Yəqin ki, vəzifəli, imkanlı olmaq onun da xasiyyətinə mənfi təsir edib. Eynən başqaları kimi. Bəlkə də “Bağda ərik var idi, salam-əleyk var idi. Bağda ərik qurtardı, salam-əleyk qurtardı” misalı daha çox yerinə düşər.

Yəqin ki, indi vəzifədə olsaydı, mən heç bu yazını yazmazdım da. Hadisə olandan sonra bir qohum kimi Mübarizin .....0138 nömrəli telefonuna zəng etdim. Başqa bir adam götürdü, calaşdırmadı da... Evlərini isə tanımıram. Təzə yerə köçüblər. Heç bir köməyim çatmasa da, adi sözlə də olsa nəsə bir dayaq olmaq istəyirdim. Ona görə yox ki, oğlu türməyə salınmışdı. Ona görə yox ki, Mübarizi vəzifədən çıxartmışdılar. Bunlar öz yerində... bunlar xırda şeydir. Ən başlıcası iki günahsız insanın qanı bu ailənin adına yazılmışdı. Sizcə onların oğlu Xalid bu hadisəni bilərəkdənmi törətmişdi? Hansı axmaq özü-özünün hökmünə qol çəkər, özü də belə ağır ittihamla. Oğul da nə vaxtsa türmədən çıxacaq, ailə də acından ölməyəcək, amma Xalidin baiskar olduğu qanı yumaq mümkün olmayacaq. Deyirlər qanı suyla yuyarlar. Bu qan isə o qandan deyil. Bu səhlənkarlığın səbəb olduğu qandır. Burda qəsdi-qərəz yoxdur. Bu cür qana sükan arxasında oturan hər birimiz bata bilərik.

Ağasəlim müəllim isə onları yaxına buraxmır. Söysə, vursa, döysə bəlkə də yüngülləşərlər. Amma Ağasəlim müəllim köhnə kişilərdəndir. Xalidin günahı var. Bunu biz deyirik. Amma rəsmi olaraq bunu məhkəmə hokmü də təsdiq etməlidir. Bəlkə də ən çox bu hökmü Xalid özü gözləyir. Cəzası nə qədər ağır olsa, günahlarının da bir o qədər çox yuyulacağına inanır. Çünki psixoloji zərbə alıb.

Gəlin onu da etiraf edək ki, il ərzində bu cür yüzlərlə hadisə baş verir. Hökm də çıxarılır, ailələr də barışır. Atalar demişkən, torpağın üzü soyuq olar. Məncə bu hadisədə Xalidin ən böyük günahı onun vəzifəli oğlu olması, sürdüyü maşının qiymətinin və markasının bahalığı, cəmiyyətdə isə bu cür insanlara qarşı xüsusi bir ikrah hissinin mövcudluğudur. Yuxarıda dediyim kimi: “Onlar atlı, biz piyada”. Amma nədənsə hamımız atlanmağa yox, həmişə atlını atdan yıxıb onu piyadaya çevirməyə can atmışıq. Ağasəlim Abdullayev öz yaşıdı Mübariz Mədətovla bir stol arxasında oturub sadəcə onun başsağlığını qəbul etmək istəsə belə, hökmən ictimai qınaq gəlib dayanacaq gözünün qabağında. Halbuki, zərbə yalnız onun ailəsinə dəyib. Vəziyyətin sahibi təkcə özüdür. Bunun bizə nə istisi, nə də soyuğu var. Hamımız böyük Sabirin nəvələriyik:

Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur-olsun, nə işim var?!


AĞASƏLİM ABDULLAYEV KİMDİR

Ağasəlim Abdullayevi şəxsən tanımasam da, onu bir sənətkar kimi yüksək qiymətləndirirəm. Gözümü açıb gördüyüm qocaman tarzənlər Əhsən Dadaşov, Baba Salahov, Hacı Məmmədov, Həbib Bayramov kimi ifaçıların layiqli davamçısı kimi dəyərləndirirəm. Bu sənətin notla deyil, yaddaşla nəsildən nəslə ötürüldüyünü nəzərə alsaq, Ağasəlim Abdullayev Azərbaycan musiqisinin beyin mərkəzi, həm də donoru sayılır. Bunları mən bilirdim, bilirəm. Amma hər dəfə hansısa sənətkar, tanınmış şəxs haqqında nəsə yazanda internetdə Vikipediya bölümünə baxıb bilgilərimi artırıram. Bu dəfə də elə etdim. Təvəllüdü və xalq artistliyindən savayı, yalnız bir məlumata rast gəldim. Maşın qəzası xronikasına. Ağasəlim Abdullayevin Vikipediya-dakı “Həyatı” bölümü məhz bundan ibarətdir.

SƏN AĞASƏLİMİN YERİNDƏ OLSAYDIN…

Axır cümləmi əvvəldə deyirəm: mən Ağasəlim müəllimin yerində olsaydım Xalidi anasının-atasının xətrinə bağışlayardım. Bu sadəcə yol-qəza hadisəsidir. O hadisədə Xalid də həlak ola bilərdi. Onda kimin yaxasından yapışacaqdıq? Yaxud təqsırkar VAZ-21011-də, atası da fəhlə baba olsaydı Xalidi, ailəsini ictimai qınaq obyektinə çevirəcəkdikmi? Əsla. Bu yaxınlarda Xəzər sahillərində çimən iki ailənin beş azyaşlı uşağının boğulub ölməsinə görə Xəzər dənizini, onun arxasında duran dənizlər Allahı Paseydonu niyə qınaq obyektinə çevirmirik? Çünki hadisədir. Amma o uşaqlar gəmidə boğulsaydılar, çoxdan gəmi kapitanını, yiyəsini barmaqlıqlar arxasına saldırmışdıq.

İndi deyəcəksiniz ki, o ailəyə dəyən sənə dəysəydi bir əlində qələm, bir əlində qılınc aləmi qatmışdın bir-birinə. Düz deyirsiniz, axı mən də insanam. Amma bunu deməmişdən qabaq bir soruşun ki, hadisədən aylar keçdikdən sonra niyə mən bu yazını yazmağa qərar verdim. Niyə səssizcə-kirimişcə gedib Ağasəlim müəllimə bu yazdıqlarımı üzbəüz deyib xalanəvəsinin bağışlanmasını xahiş etmədim. O da mənə “dur rədd ol burdan. Bir də qapıma bu xahişlə gəlməyin. Hamınızı qovacağam iti qovan kimi!” demədi. Çünki artıq məhkəmə prosesi sona yaxınlaşır. Hər şey aydındır. Yazını yazmağa isə məni Ağasəlim müəllimin Modern.az saytına verdiyi bir açıqlaması oldu: “Ailə üzvlərimi qətlə yetirən məmur oğlu təqsirini etiraf etdi”.

Qətlə yetirən hüquqi cəhətdən düzgün ifadə olmasa da – mənən düzgün ifadədir. Yuxarıda qeyd etdiyim kimi, bütün sürücülər potensial canidirlər. Bu hadisə hamının, hər bir ailənin başına gələ bilər. İstəyirsən cındır VAZ- 011 sür, istəyirsən “Bentli”.
Məhkəmə zalında Xalid hamının qabağında törətdiyi əməldən peşman olduğunu etiraf etdi. Amma içkili olmadığını dedi. Buna mən də inanıram.

Gəlin Ağasəlim müəllimin sözünə bir dəyişiklik edək. Təsəvvür edin ki, Xalid kasıb, şofer babanın oğludur. Ağasəlim müəllim də mətbuata açıqlama verir: “Ailə üzvlərimi qətlə yetirən “samasval” şoferinin oğlu təqsirini ifadə etdi”. Gülünc səslənir, elə deyilmi? Əgər bu gülünc səslənirsə, “məmur oğlu” ifadəsi də Ağasəlim müəllimin səviyyəsindən çox aşağıdır. Çünki o xalq artistidir, hamının tanıdığı sənətkardır, cəmiyyətimizin qaymağıdır. Xalid isə sadəcə məmur oğlu. Qabartmağa heç bir ehtiyac yoxdur.

Ağasəlim müəllim, dərdiniz böyükdür. Üçqat, dörd qat böyükdür: Həm həyat yoldaşınızı, həm də nəvənizi itirmisiniz. Oğlunuz və gəlininizin ürəyinə bala dağı çəkilib. Bir də ki, övladınız ona ən əziz olan adamı – anasını itirib. Prezidentimiz Mübariz Mədətovu həmən vəzifəsindən uzaqlaşdırdı. Xalid Mədətov həbs edildi. Neçə aylardır ki, təcridxanadadır. Danışığa getmirsiniz. Bağışlamaqdan söhbət gedə bilməz. Lap bağışlasaydınız, gedib yalvarsaydınız da ki, buraxın Xalidi, heç bir məhkəmə, prokurorluq, polis buna qol qoymayacaqdı. Ortada ölüm var. Özü də iki ölüm. Amma o da gün kimi aydındır ki, qəsd yoxdur. Heç kim belə olmasını istəməzdi, Allah heç kimin ailəsinə ölüm qismət eləməsin.

Xalid hansı cəzanı alacaq, bilmirəm. İstəyir 1 ay olsun, istəyir 15 il. Türmə elə bir yerdir ki, ən qatı cinayətkarın ağlı o saat yerinə gəlir. O ki qalsın ailə tərbiyəsi görən, ömründə başına bu cür iş gəlməyən Xalidin.
Ağasəlim müəllim, can verən yaşlı qadını, balaca uşağı, üzü-gözü qan içində olan insanları görən Xalidin sizcə psixoloji durumu hansı vəziyyətdədir? Onun bağışlanmasını xahiş etməsi ağlasığandırmı? Gücü yalnız etirafa çatdı. Bunu da etdi. Sizə də, ictimaiyyətə də, Xalidin özünə də, ata-anasına, qohumlarına gün kimi aydın olan bir hadisənin etirafı. Yəqin ki bu etirafdan az da yüngüllük tapdınız – bir faizin yüzdə biri qədər- elə deyilmi? Siz də ürəyinizdə olmasa belə, sözdə bağışlayın. Deyin ki “Xalid, səni atana, anana bağışladım, Allah bağışlasın. Bir də belə qələtlər eləmə”. Sizi də aylar boyu saran bu gərginliyə bir faizin yüzdə biri qədər su səpin. Bu sizin böyüklüyünüzdən xəbər verər. Çünki həyat davam edir. Siz lap dildə desəniz də, bilirəm ki, ürəyiniz heç vaxt Xalidi bağışlamayacaq. Nəinki siz - bütün nəsliniz. Hər şey də başa catacaq. Yaralarınız qaysaqlanacaq. Hərdən sızlayacaq, ağrıdacaq. Xalid də cəzasını çəkib azadlığa çıxacaq. Sadəcə atasıyla, anasına yazığım gəlir. Onlar təkcə oğullarının yox, onların ailəsinin adına yazılan bu qana görə ölənəcən xəcalət çəkəcəklər. Bəlkə “bağışlayıram” kəlməsi dilinizə gəlsə, onlar da yüngüllük tapalar.

Bilmirəm sizə necə təqdim ediblər, ya yox? Yaxşı ailədir. Çox gözəl və sadə insanlardırlar. Kaş ki onları mənim kimi lap çoxdan, çoxdan tanısaydınız. Onda keçirdiyiniz bütün dəhşətləri alın yazısı, hamının başına gələ biləcək hadisə kimi qiymətləndirib köks ötürərdiniz. Ağasəlim müəllim, açıq demək istəmirəm. Həyatınzda uşaqlarıyla sınağa çəkilən, vurulan, əzilən, sındırılan nə qədər ata görmüsünüz? Hələ bala dağını bir tərəfə qoyuram. Xəlil Rza kimi adamı KQB-nin Lefortovo zindanı sındırmadı, amma oğlu Təbrizin ölümü sındırdı – şəhidlik zirvəsinə ucalsa belə. Sadəcə istərdim ki, hər şeyin sizin istədiyiniz kimi başa çatan bu son raundda məhkəmədə çıxıb “Xalid mən səni bağışladım, Allah bağışlasın” deyəsiniz. Ürəyinizdə bağışlamasanız da. Xalidin atasının, anasının, mənim kimi qohumlarının xətrinə. Çünki cinayətin sonuna artıq çıxdınız, heç bir danışığa, qan bahasına getmədən. Düz də elədiniz. Hamı – prezidentimiz də, ictimaiyyət də, mətbuat da sizin arxanızda oldu, ürək-dirək verdi. Bu, az da olsa sizə, ailənizə toxtaqlıq gətirdi. Haqq sizin tərəfinizdədir. Ailənizin böyüyü, ağsaqqalı, kişisi kimi ittihamçı sizsinizsə, demək bu fani dünyada bağışlamaq da sizin əlinizdədir. Artıq proses yekunlaşır, hökmü geri oxumaq da mümkün deyil. Çünki saatın əqrəbləri irəli gedir, geriyə qaytarmağa nəinki sizin, heç kimin gücü çatmaz. Həyatın yeni, bilmədiyiniz, ağlınıza da gətirə bilmədiyiniz sınaqlarına – acısna, şirininə hazır olmaq üçün özünüzü, ailənizi səfərbər etməlisiniz. Qəza hadisəsini Vikipediya-dakı “Ağasəlim Abdullayevin həyatı” bölümündən silməlisiniz. Sözdə də olsa, bağışlayın. Müdrik adamsınız. Müdriklik göstərin. Çünki keçmişinə, itmişinə, ölmüşünə heyfslənməyən insanlara müdrik deyirlər.

PS. Yazdığım bu yazıdan nə Mədətovlar ailəsinin, nə də qohumlarımın xəbəri var. Sadəcə bunu yazmağı özümə qohumluq, insanlıq borcu bildim.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB