Modern.az

Diaspor rəhbəri: “Ukraynada təhsil almaq istəyən azərbaycanlılar yaxşıca düşünsün”

Diaspor rəhbəri: “Ukraynada təhsil almaq istəyən azərbaycanlılar yaxşıca düşünsün”

Təhsil

16 Avqust 2014, 09:50


“Ukraynadakı qeyri-sabit vəziyyətə görə tələbələr vaxtından əvvəl vətənə döndülər. Bu il universitetlərlə müqavilə bağlayıb Ukraynada təhsil alacaq tələbələrin sayı barədə hələlik məlumat yoxdur. Çünki tələbə qəbulu sentyabr- oktyabr aylarına qədər davam edir. Ancaq Ukraynaya oxumağa gələn tələbələrin sayı məlum hadisələrə görə azalacaq”. Bunu Modern.az-a açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov deyib.  

Qeyd edək ki, Ukraynanın təhsil naziri Sergey Kvit Ukrayna ali tədris müəssisələrində təhsil alan xarici tələbələrin ölkəni tez bir zamanda tərk etməsi barədə əmr imzalamışdı.

H. Cavadov Ukraynada oxuyan tələbələrə tələsməməyi tövsiyə edib:

“Ümumiyyətlə, burada təhsil alan tələbələrimizin təhsil səviyyələrindən, özlərinin bilik səviyyələrindən çox narazıyıq. Üçüncü kursda təhsil alan Azərbaycanlı tələbələr var ki, nə rus, nə Ukrayna dilini bilirlər. Ukrayna universitetlərinə qəbul olanların böyük əksəriyyəti Azərbaycanda heç bir ali təhsil ocağına daxil ola bilməyib bilik səviyyəsi aşağı olan, Bakıda fəaliyyət göstərən bir çox özəl şirkətlər tərəfindən burada qəbulu təşkil olunan tələbələrdir. Bu da Azərbaycanın gələcəyinə böyük bir zərbədir. Çünki bu səriştəsiz kadrlar gələcəkdə Azərbaycana dönəcək. Dövlət səviyyəsində tədbir görülməlidir. Bakıdakı şirkətlər 3 min dollar civarında tələbələrdən pul alaraq bura göndərirlər. Universitetlər isə əlbəttə, marağındadır ki, xarici tələbələr gəlsin və ödənişli müqavilə əsasında təhsil alsınlar.

Bu problemin həlli ilə bağlı müzakirələr aparılmalıdır”. Diaspor rəhbəri qeyd edib ki, Ukraynadakı Azərbaycanlı tələbələr may ayından etibarən Azərbaycana dönüblər. “Bu məsələlərdə abituriyentlərə tövsiyəmiz odur ki, tələsməsinlər. Çünki hadisələrin necə inkişaf edəcəyini öncədən demək mümkün deyil”. 

Misranə Həsənzadə


 

 


 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu