Modern.az

“Vəkilin saxlanılan şəxslə dərhal görüşmək, vəsatət vermək hüququ var”

“Vəkilin saxlanılan şəxslə dərhal görüşmək, vəsatət vermək hüququ var”

Təhsil

16 Avqust 2014, 10:41



“2012-ci ilin may ayında saxlanılan şəxslərin hüquq və azadlıqlarının müdafiəsi haqqında qanun da geniş yer alıb. Qanunların beynəlxalq standartlara uyğunluğu barədə Avropa Şurası və ATƏT-in rəyi də var. Belə ki, barəsində həbs qəti-imkan tədbiri seçilən şəxs saxlanılan andan tibbi müayinədən keçir, orada onun bütün xəstəlikləri, hətta bədənində ayrı-ayrı ən adi cızıq varsa belə, qeyd olunur, sonra ona tibbi kart verilir. Bu gələcəkdə həmin şəxsin irəli sürə biləcəyi iddiaların qarşısını almaqdan ötrüdür. O yalandan məlumat verərək, zədə aldığını da bildirə bilər. Bu zaman xəsarətin alınma mənbəyi göstərilməlidir. Bu həm də şikayətlərin araşdırılması üçün maddi sübut kimi istifadə edilə bilər”. Bunu Modern.az-a “Konstitusiya Araşdırmaları” Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, şəxs müvəqqəti saxlanma yerindən istintaq təcridxanasına aparılanda da yenidən müayinədən keçir, onda hər hansı dəyişikliyin olub-olmadığı müəyyənləşdirilir: “Ona görə hər bir orqan bütün hallarda müayinə kartını doldurmalıdır. Bildiyiniz kimi, vəkilin saxlanılan şəxslə dərhal görüşmək, vəsatət vermək hüququ var. “Mənim müvəkkilim xəstədir”, “müvəkkilimin bədənində xəsarətlər var” və s. deyərək vəsatət qaldıra bilər. Saxlanılan şəxs də bunun müqabilində müayinədən keçir. Yeni qanunun əsas xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, barəsində həbs qəti-imkan tədbiri seçilən şəxsin öz vəsatəti əsasında onun çağırdığı həkim tərəfindən müayinə olunmaq hüququ var. Amma bu zaman müayinələr şəxsin öz vəsaiti hesabına həyata keçirilir”.

Ə. Nuriyev deyib ki, yaxınlarda Cinayət Prosessual Məcəlləsinə “Həbs yerində saxlanan şəxsin hüquqi vəziyyəti haqqında” qanuna müvafiq dəyişikliklər edilib: “Sadəcə, saxlanılan şəxs tutulan andan öz vəzifə və hüquqları haqqında məlumatlı olmalıdır. Onlar bununla bağlı müvafiq bildirişə imza da atırlar. Hətta vəkilin icazəsi olmadan verilən ifadənin hüquqi əhəmiyyəti yoxdur. Ona görə geniş hüquqi təminatlar sistemi var. Şəxslər sadəcə hüquqlarını bilməli və istifadə etməlidirlər”.

Ekspert deyib ki, ibtidai istintaq aparan müstəntiq tərəfindən saxlanılan şəxsə hüquqları ilə bağlı bildiriş verilir: “Həmin bildirişlə tanış olduqdan sonra onu imzalayır. Bəzən vəkillər öz hüquqlarını bilmədiklərindən müvəkkilin də hüquqlarını qoruya bilmirlər. Bu gün hər hansı bir vəkilin tibbi müayinə ilə bağlı vəsatətini də görə bilmirik. Bu istintaq sirri də deyil. Vəkil bunları həyata keçirməyə borcludur. Bəzən saxlanılan şəxslər vəkillərin köməyindən imtina edir. Sonra da haray salırlar ki, mənim hüquqlarım pozulur. Vəkillik bu tip faktların qarşısının alınmasında ciddi bir institutdur”.      

Gülşən RAUFQIZI
   
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu