Modern.az

“Qarabağ fotolarda”: Təzə “Volqa”sını Ağdamda sınaqdan keçirən Bəxtiyar Vahabzadə

“Qarabağ fotolarda”: Təzə “Volqa”sını Ağdamda sınaqdan keçirən  Bəxtiyar Vahabzadə

16 Avqust 2014, 15:28


Modern.az 
saytı “Qarabağ fotolarda” layihəsində bu dəfə xəyali olaraq 1970-ci ilin Ağdamına səfər edəcək. Bu “səfər”in başqa bir səbəbi də yazının əsas qəhrəmanı olan mərhum xalq şairi Bəxtiyar Vahabzadənin bu gün 89 yaşının tamam olmasıdır.

1970-ci ilin  may ayı... Mərhum xalq şairi Bəxtiyar Vahabzadə özünün yeni “Volqa” maşınında rejissor Tofiq Kazımovla birlikdə Ağdama gedir. Orada məşhur alim Xudu Məmmədov, Ağdamda Həmkarlar İttifaqının sədri Zeynal Məmmədov, həkim-cərrah Ramiz Əliyevlə görüşən şair Qarabağın əsrarəngiz təbiətindən ayrıla bilmir.  Odur ki, yeyib-içdikləri zaman təklif edir ki, açıq havada gəzişsinlər. Foto da məhz həmin gəzinti vaxtı çəkilib.
Bu şəklin tarixçəsi haqqında gəzintidə olanlardan biri, həkim Ramiz Mövsüm (Əliyev) “525-ci qəzet”də kiçik bir məqalə də yazmışdı. O zaman gəzintidən sonra şairin könlünə piti düşür. Dostları da bu təklifi rədd etmir. Beləcə, piti, danabasdırması yeyib,  Ağdam konyakından içəndən sonra Bəxtiyar Vahabzadə Tofiq Kazımova deyir:
- Bu gün Ağdamdayıq, sabah inşallah Cıdır düzünə gedəcəyik, yalnız orada bitən xarı bülbül gülünü görəcəyik. Oradan sonra da Turşsuya səfər edəcəyik.

Tofiq Kazımov deyir:
- Bəxtiyar müəllim, mən elə bildim ki, səfəriniz Ağdamla yekunlaşacaq?

Şair də cavabında:
 - Qorx ki, elə sadaladıqlarımla da yekunlaşmasın. Buranın hər evi bizi qonaq çağıra bilər.

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu