Namidə Bingöl
Yenə də siyasi baxışlar toqquşdu, amma siyasətçilərin hədəfləri üst-üstə düşmədi. Müxtəlif regionlararası gərginlik həftənin siyasi mənzərəsinə nöqtə qoydu. Kimi bu gərginliyi atəşfəşanlıq içində yola “verdi”, kimi isə sərsəm çıxışlarının çevrəsində qıvrıla-qıvrıla qaldı. Hər halda, həftənin siyasi mənzərəsi onu deməyə əsas verir ki, topa tutanlarla topa tutulanlar cavab atəşi ilə susduruldu.
Həftənin siyasi mənzərəsini təqdim edirəm. Düzü, üz-üzə gələn tərəflərin bir-birini müxtəlif siyasi üsullarla susdurması elə ardıcıl şəkildə cərəyan etdi ki, bilmirəm ilk olaraq hansı məsələdən başlayım. Məncə, qardaş Türkiyə siyasətindən danışmağın tam zamanıdır. Beləliklə, Türkiyə dövləti seçki sezonunu geridə qoydu. Aylardır Türkiyə dövlətinin daxilində cərəyan edən soyuq müharibənin təsirindən yaranan “anomal istilik” nisbi stabil vəziyyət sərgiləyirdi.Müxalifət partiyalarının koalisyon cəbhədə toplaşması Türkiyə dövlətinin restavrasiyasi ola bilərdi. Amma Türkiyə iqtidarı dörd bir tərəfdən “hasarlansa” da, siyasi dövriyyədə yenidən möhkəmlənə bildi. Qardaş dövlətin Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyasının prezidentliyə vahid namizədi Ekmeleddin İhsanoğlu mübarizədən məğlub ayrıldı.
Maraqlıdır ki, əkməyinə təpik atmayan Ekmeleddin İhsanoğlu bu məğlubiyyəti özünün qələbəsi kimi dəyərləndirdi. Adətən aşığın sözü qurtaranda dalay-dalay oxuyur. Sözünün bitdiyi qənaətinə gələn Ekmələddin İhsanoğlu isə ona səs verənlərə də, verməyənlərə də təşəkkür etməklə yanaşı, Türkiyənin yeni prezidenti seçilən Ərdoğanı da təbrik etdi. Dövlət başçısı postuna sahiblənən yeni prezidentin hakimiyyət strukturu müəyyənləşir, yeni siyasi füqurlar meydana atılır. Hakimiyyətdə köklü dəyişikliyin zəruriliyi gündəmə gəlir. Rəcəb Tayib Ərdoğan prezident seçiləndən sonra baş nazir postunu icra edəcək şəxs hələ ki müəyyənləşməyib. Təbii ki, müxtəlif versiyalar söylənilir. Bəzi ehtimallara görə sabiq prezident Abdulla Gül və hal- hazırkı xarici işlər naziri Əhməd Davudoğlu baş nazir ola bilər. Danışmağı bir o qədər də sevməyən Abdulla Gülə bir-birinin ardınca vəzifə bölgüsü həvalə edilir. Bu məsələdə də bir qədər fərqlilik nəzərə çarpır. Maraqlıdır ki, 7 il Türkiyə prezidenti olan Abdulla Gülə Ədalət və İnkişaf Partiyasında (AKP) yer yoxdur. Yəni Gül əfəndiyə daha ehtiyac duyulmur. “Sabah” qəzetinin redaktoru Mehmet Barlas iki ayağını bir başmağa dirəyib deyir ki, hörmətli Gül əfəndi MHP və CHP-nin ocağına sığınsa daha yaxşı olar. Yəni “Gülün AKP-yə geri dönməsi bu partiyanı zənginləşdirməyəcək. AKP Ərdoğanla zatən zəngindir” deyib Mehmet Barlas. Əcəba, 7 il iqtidar masasının başında əyləşən Abdulla Gülə iqtidar daxilində heçmi yer tapılmayacaq?! Bu qədər də olmaz!
Bu arada, Ermənistan prezidenti Serj Sərkisyana böyük bir “ayıb olsun” düşür. Bu erməni dığası yuxuda nə görür bilmirəm. Yuxudan ayılan kimi başlayır sərsəm-sərsəm danışmağa. Ermənistan yerli telekanallarından birinə “kişinin oğlu” müsahibə verib. Xüsusilə Qarbağla bağlı informasiya müharibəsinə diqqət çəkən Serjik, Ermənistanı süddən çıxan ağ qaşıq kimi təqdim etməyi rəva bilib. Yəni Ermənistan müxalifəti düşmənin (azərbaycanlıların) əlinə əsas verməməlidir. “Azərbaycanın rəhbərliyi, prezidenti Ermənistanda insanların qalmadığını, ölkənin parçalanma ərəfəsində olduğunu bəyan edir”. Guya Azərbaycan rəhbərliyi Ermənistan müxalifətinin fikrini təkrar edir. İşə bax e. Məgər biz papuqayıq sizin kimi?! Siz özünüzə baxın və halınızdan məmnun olun, cənab Serjik. Dəfələrlə Ermənistandan Azərbaycana könüllü keçən vətəndaşlarınız ölkədə vəziyyətin acınacaqlı olduğunu söyləyiblər. Məhz Azərbaycan vasitəsilə üçüncü dövlətə getmələri üçün kömək istəyiblər. İnformasiya müharibəsindən danışan Serjik unudur ki, zamanəmizin informasiya mübadiləsi sürətlə inkişaf edir. Dünyanın hər bir yerindən xəbər tutmaq mümkündür. Yəni dədə-baba torpaqlarımızda bardaş quran erməni tayfasından xəbərdar olmaq bu qədərmi çətindir?! Təəssüf ki, Cənubi Qafqaz regionunda qərarlaşdığınızdan qapınızda hürən itlərin səsini eşitmək məcburiyyətindəyik. Bir də sizin hər hansı vəziyyətdə olmağınız bizi ruhlandırmır. Zatən, millət olaraq ruhən mövcuduq.
Hüquq müdafiəçisi Leyla Yunusun ardınca, hüquqşünas İntiqam Əliyev də həbs edilib. Bu arada, müxalifət partiyaları tutulan şəxslərin hüquqlarının müdafiəsinə qalxdıqlarını bəyan etsələr də, həmişə olduğu kimi bu dəfə də birgə görüşlərin keçirilməsi mümkünsüz oldu. Müsavat başqanı İsa Qəmbər müxalifətçiləri bir arada görmək istəsə də, müxalifətçilər bir arada görünmək istəmədilər. Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli Müsavat partiyasının təşkil etdiyi tədbirə qatılacaqlarını öncədən desələr də son anda bu sevdalarından vaz keçdilər. Səbəb isə toplantının keçirilməsini düzənləyən Müsavat başqanı İsa Qəmbərin olması göstərildi. Deyirəm, nə qədər ki insanın içində kin var, üz-üzə, göz-gözə gəlmək müşkül məsələdir. Müxalifətə düşmən mövqedən yanaşmıram. Amma, öz aramızdı, kiçik məsələləri masaətrafı həll etmək üçün bir araya toplaşmaq mümkün olmayacaqsa, o zaman Dağlıq Qarabağ məsələsinin həllində hansı bərabərlikdən danışmaq olar?! Əslində, belə toplantılara şahidlik edə-edə gəlirik. Nəticədə ortaya ürəkaçan bir şey qoyulmur. Bu da növbəti tamaşa. Tamaşa demişkən, “El” hərəkatının sədri Eldar Namazov ortalıqda yoxdur. Keçən ilin bu vaxtı Rüstəm İbrahimbəyovun ərsəyə çıxartdığı tamaşaların baş qəhrəmanı Eldar Namazov idi. İndi isə xəbər-ətər belə yoxdur. Eldar müəllim, bəlkə müxalifət düşərgəsinə baş çəkəsiniz! Bu qədər də istirahət olar?