“Bağlanan türk məktəblərində oxuyan təxminən 600-700 şagird başqa məktəblərə yerləşdiriliblər. Qalan uşaqların valideynləri ilə də əlaqə saxlamışıq. Onlar bağlanan məktəblərin açılmasını gözləyirlər. Valideynlər bizə deyirdilər ki, gözləyirik, avqustun ortalarında bu məsələ həll olunacaq, liseylərin təzədən açılma ehtimalı var. Biz dəfələrlə onlara demişik ki, gözləməyin, açılmayacaq, uşaqları yerbəyer edin, əks halda sonra problem yaranacaq. Biz deyirik, valideynlər isə bizi az eşidir. Onların türk liseylərinin yenidən açılacağına ümidləri çoxdur”.
Bunu Modern.az-a Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məmmədəli Kəsəmənli deyib. Onun sözlərinə görə, şagirdlərin köçürülməsi prosesi artıq yekunlaşmaq üzrədir:
“Uşaqlar ən çox 6, 132, 134, 160, 23 saylı məktəblərə, Zərifə Əliyeva adına liseyə, Heydər Əliyev adına liseyə və digər yerlərə üstünlük veriblər.
Köçürülməyən təxminən 500-600 şagird qalıb. Bəlkə də artıq özləri problemlərini həll ediblər. Biz onlar üçün bütün şəraiti yaratdıq. İdarəyə dəvət etdik, bizim ən yaxşı məktəblərin siyahısını da təqdim etdik ki, seçim etsinlər. Hər kəs özü seçim edə bilirdi. Artıq proses yekunlaşmaq üzrədir”.
Misranə Həsənzadə