“Oğurluq hadisəsi ilə bağlı cinayət işi başlanılıb və istintaq prosesi davam edir”. Bunu Modern.az-a Binəqədi rayon Polis İdarəsinin müstəntiqi Mövsüm Cabbarov əməkdaşımız Elmin Nurinin evində baş verən oğurluqla bağlı deyib. Onun sözlərinə görə, yaxın zamanlarda istintaqın gedişi barədə məlumat veriləcək: “Proses yeni başlanılıb. Əməliyyatçılarımız araşdırmalar aparır. Axtarışlar yaxın zamanda öz nəticəsini göstərəcək”.
Qeyd edək ki, avqustun 15-dən 16-na keçən gecə jurnalist,
Modern.az saytının əməkdaşı Elmin Nurinin ailəsinin evində oğurluq hadisəsi baş vermişdi. Hadisə baş verən zaman Nurizadələr ailəsi oğluna şadlıq sarayında toy mərasimi keçirirmiş. Ailə üzvlərinin evdə olmamasından istifadə edən oğrular pəncərəni sökməklə evə daxil olublar.
Toydan evə dönən ailə üzücü mənzərə ilə rastlaşıb. Dərhal 102 xidmətinə zəng edilib və polislə aparılan araşdırmada məlum olub ki, başı toya qarışan ailənin evindən 3700 ABŞ dolları məbləğində pul və qızıl-zinət əşyaları oğurlanıb. Maraqlıdır ki, oğrular evdə olan iki noutbuk və digər bahalı əşyalara toxunmayıb.
Məlumatı zərərçəkən jurnalistin özü verib.
Rüfanə GÜNƏŞ