Modern.az

Ankara Universitetinin müəllimi: “Qarabağla bağlı müəllifi olduğum kitab çətinliklə ərsəyə gəlib” – MÜSAHİBƏ

Ankara Universitetinin müəllimi: “Qarabağla bağlı müəllifi olduğum kitab çətinliklə ərsəyə gəlib” – MÜSAHİBƏ

18 Avqust 2014, 18:18


Bu günlərdə Ankara Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi, dosent Cavid Abdullazadənin türk dilində “Hüquqi aspektləri ilə Dağlıq Qarabağ münaqişəsi” adlı yeni kitabı işıq üzü görüb.

Müəllif kitabda münaqişəni hüquqi aspektlər və beynəlxalq hüquq prinsipləri müstəvisində təhlilini beynəlxalq hüquq normalarına istinad edərək zəngin faktlara oxuculara təqdim edib.

Qısa tanışlıq: Cavid Abdullazadə 1971-ci ildə Azərbaycanın Ağsu rayonunda anadan olub. Orta təhsilini rayonun 1 nömrəli orta məktəbində alıb. 1989-1991-ci illərdə sovet ordusu sıralarında hərbi xidmət keçib. 1992-1996-cı illərdə Ankara Dövlət Universitetinin hüquq fakültəsində bakalavr, 1996-1998-ci illərdə magistratura pillələrində təhsil alıb.

1998-2003-cü illərdə “Beynəlxalq hüquqda dəniz yolu ilə daşınmalardan qaynaqlanan neft çirklənməsi” mövzusunda elmi işi ilə doktoranturada təhsilini başa vurub. Ankara Dövlət Universitetindəki elmi fəaliyyətinə 1998-ci ildə başlayan Cavid Abdullazadə 2014-cü ildə beynəlxalq hüquq sahəsində dosent adını alıb. Bir kitabın və beynəlxalq elmi jurnallarda çoxsaylı məqalələrin müəllifidir. Azərbaycanın hökumət sistemi, Xəzərin hüquqi statusu ilə bağlı məqalələri Türkiyədə və beynəlxalq jurnallarda dərc edilib. Cavid Abdullazadənin “Beynəlxalq müqavilələrin Azərbaycanın hüquq sistemində yeri və tətbiqi problemləri” sərlövhəli məqaləsi isə beynəlxalq indeksli “Review of Central and East European Law” jurnalında çap olunub.

Bu arada məzuniyyətini Azərbaycanda keçirən Cavid Abdullazadə ilə görüşüb həmsöhbət olduq. Modern.az saytı həmin müsahibəni oxuculara təqdim edir.

- Cavid müəllim ilk növbədə yeni kitabınızın işıq üzü görməsi münasibətilə sizi təbrik edirik. Həm mövzusuna görə, həm də Türkiyənin görkəmli elm xadimlərinin, hüquqşünaslarının əsərinizə verdikləri rəy deməyə əsas verir ki, kitab kifayət qədər samballı, elmi hüquqi ədəbiyyat kimi dəyərləndirilir və qəbul olunur. Yəqin ki, nəşrin ərsəyə gəlməsində əziyyətiniz az olmayıb.

- Verdiyiniz dəyərə və diqqətinizə görə təşəkkür edirəm. Nəinki elmi yaradıcılıq, görəcəyin ən adi bir iş belə zəhmət tələb edir. Zəhmət çəkməyən insanın heç bir arzusu hasil olmaz. Bu kitabın ərsəyə gəlməsi də elmi yaradıcılığın bütün ağır, keşməkeşli, çətin yollarından keçib. Bütün imkanlarımdan istifadə etmişəm ki, müəllifi olduğum kitab adi kağız parçalarının toplumu kimi yox, dəyərli bir əsər kimi qiymətləndirilsin. Buna nə qədər nail olduğumu zaman və dəyərli oxucular müəyyənləşdirəcək.

 - Mövzu olduqca aktualdır, aydınlaşması bu gün üçün zəruri və vacib olan mətləbləri peşəkarcasına təqdim edirsiniz. Mövzunu seçərkən təşəbbüskar kim olub? Bu sizin seçimdir, yoxsa sıradan gələn mövzuların növbətisi idi?

- Mənim üçün Qarabağ mövzusu nə təsadüfi, nə də sıradan gələn adi bir mövzu ola bilməzdi. Bu mənim daxilimdən gələn və elmi potensialımın tələbatı idi. Qarabağ mövzusu hər bir azərbaycanlı üçün aktual olmalıdır. Peşəsindən, sənətindən asılı olmayaraq hər bir azərbaycanlı bu məsələni hər an öndə saxlamalıdır və münaqişənin həlli üçün öz imkanlarını əsirgəməməlidir. Düşmənlə mübarizə təkcə səngərlərdə aparılmır. Hər sənət sahibinin öz mübarizə səngəri olmalıdır. Mən əsası Atatürk tərəfindən qoyulmuş, Türkiyənin ən samballı təhsil ocaqlarından biri olan Ankara Dövlət Universitetinin hüquq fakültəsinin tələbələrinə mühazirə oxuyuram. Yeri gəldikcə pedoqoji səlahiyyətimdən istifadə edib mühazirələrimi Qarabağ münaqişəsinə həsr edirəm. Bu hər şeydən öncə mənim vətəndaşlıq borcumdur.

- Cavid müəllim, xahiş edirəm kitab haqqında ümumi şəkildə olsa da oxucularımızı məlumatlandırasınız.

 - “Hüquqi aspektləri ilə Dağlıq Qarabağ münaqişəsi” kitabında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın və Ermənistanın əsas iddiaları müasir beynəlxalq hüququn prinsipləri əsasında təhlil olunur. Yəni sadə dildə desək kitabda beynəlxalq hüquq prinsiplərinin olkələrə tətbiqi açıqlanır. Kitab dörd fəsildən ibarətdir. Birinci fəsil “Dağlıq Qarabağ münaqişəsinin tarixi aspekti” adlanır ki, bu fəsildə oxucu Dağlıq Qarabağın tarixi ilə ətraflı tanış olur. Məhz bu fəsildə Dağlıq Qarabağın əzəli Azərbaycan torpaqları olması tutarlı tarixi faktlarla təqdim olunur və münaqişənin kökləri haqqında ətraflı məlumat verilir. “Dağlıq Qarabağ münaqişəsinin daxili hüquq aspekti” adlı ikinci fəsildə Dağlıq Qarabağın konstitusion statusu, 1977-ci il SSRİ Konstitusiyasının muxtar vilayətə ayrılma hüququ verib-verməməsi, belə bir hüquq üçün Konstitusiyadan kənar qanuni bir əsasın olub-olmaması məsələləri araşdırılır. Mən bu fəsildə konkret fakt və dəlillərlə belə bir hüquqi əsasın mövcud olmadığını sübuta yetirərək oxucuların diqqətinə çatdırıram. Üçüncü fəsildə Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq hüquqi aspektdən yanaşma öz əksini tapır ki, bu fəsil “Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq aspekti” adlanır. Məhz bu fəsildə Dağlıq Qarabağ münaqişəsi son dövrlərdə yaşanan Kosovo və Krım hadisələri kontekstində araşdırılır. Bununla yanaşı Ermənistan tərəfinin de-fakto dövlət və insan hüquqlarının kobud şəkildə pozulması səbəbindən ayrılma hüququ iddialarının tam əsassız olduğu sübuta yetirilərək ortaya qoyulur. “Dağlıq Qarabağ münaqişəsində Ermənistanın rolunun hüquqi cəhətləri” adlı dördüncü fəsildə isə münaqişədə Ermənistanın rolu, məsuliyyəti və bu kimi digər məsələlərə aydınlıq gətirilir. İşğalçı ölkənin hüquqa zidd olaraq gücdən istifadə etməsinin münaqişənin həllində “öz müqəddəratını təyinetmə” prinsipinin tətbiqinə imkan vermədiyi diqqətə çatdırılır. Eyni zamanda, Azərbaycanın münaqişənin həlli ilə bağlı güc tətbiq etməsinin mümkünlüyü beynəlxalq hüquq aspektindən sübuta yetirilir. Ümumi şəkildə qeyd etsəm, bu kitabda beynəlxalq hüquq prinsipləri əsas götürülərək sübuta yetirilir ki, ermənilərin Dağlıq Qarabağla bağlı torpaq iddiaları tam əsassızdır.

- Cavid müəllim, bu kitabda Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektdən qaranlıq qalan bütün məqamlarına mükəmməl şəkildə aydınlıq gətirmisiniz və qeyd etdiyiniz kimi ermənilərin əsassız torpaq iddialarını ustalıqla ifşa etməyə nail olmusunuz. Belə düşünürəm ki, Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə bir daha çatdırmaq üçün bu kitabın oxucu auditoriyasını genişləndirmək məqsədəuyğun olardı. Bununla bağlı planlarınız varmı?

- Sözsüz ki, kitab dünyanın bütün nüfuzlu beynəlxalq qurumlarının ünvanına göndəriləcək. Bununla yanaşı kitabın başqa dillərə tərcümə olunması istiqamətində də işlər aparırıq. Mümkün olan bütün imkanlardan istifadə edib haqq səsimizi dünyaya çatdırmalıyıq. Bu zamanın tələbidir. Azərbaycan kimi bir məmləkətin vətəndaşı olmaq səadətini Tanrı bizə bəxş edibsə onu sevməli və qorumalıyıq.

Cavid Abdullazadə ilə söhbətimiz bir neçə saat davam edir. Dünyanın siyasi müstəvisinə hüquqi prizmadan elmi və məntiqli yanaşan Cavid müəllimin söhbətlərinə maraqsız qulaq asmaq mümkün deyildi. Varlığında Azərbaycan sevgisi, ürəyində Qarabağ nigarançılığı olan Cavid Abdullazadənin söhbətlərinin sonluğu isə bir həqiqətlə yekunlaşırdı: “: “Ermənilərin Dağlıq Qarabağ iddiası tam əsassızdır”.  

İlham Cəmiloğlu 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu