“ABŞ-da yaşayan Ramis Yunusun qardaşı Arif Yunusun və həyat yoldaşının hüquqlarını müdafiə komitəsinə Milli Şuranın sədri Cəmil Həsənlinin rəhbərlik etməsi ilə bağlı təklifinə Leyla Yunus da etiraz etmir”. Bunu Modern.az-a həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun vəkili Cavad Cavadlı deyib.
Vəkilin sözlərinə görə, Leyla Yunus konkret kiminsə onun müdafiəsinə qoşulmasına israr etmir: “Təbii ki, Leyla xanım və digərlərinin hüquqlarının müdafiəsi üçün müxalifət partiyaları bir araya gəlib. Eyni zamanda, Leyla Yunus nəinki onun müdafiəsinə qalxanlara etiraz etmir, hətta onları dəstəkləyir”. Qeyd edək ki, bir neçə gün bundan əvvəl həbsdə olan Arif Yunusun qardaşı Ramis Yunus məhz Milli Şuranın sədri Cəmil Həsənlinin Yunusovlar ailəsinin müdafiə komitəsinə rəhbərlik etməsini müraciət formasında yayıb.Qeyd edək ki, Milli Şuranın sədri Cəmil Həsənli həbsdə olan hüquq müdafiəçilərinin müdafiə komitəsinin sədri seçilib.
Bundan əvvəl isə KXCP-nin qərargahında həbs edilən hüquq müdafiəçiləri, siyasi fəaliyyətlə məşğul olan şəxslərlə bağlı Birləşmiş Hüquq Müdafiə Mərkəzi yaradılıb. KXCP lideri Mirmahmud Mirəlioğlu mərkəzin sədri seçilib.
Namidə BİNGÖL