Azərbaycan ATƏT-in Minsk qrupu həmsədrlərinin Kəlbəcər və Laçın rayonlarının beş il ərzində qaytarılması barədə təklifinə razıdır. Bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov iyulun 15-də keçirdiyi mətbuat konfransında bildirib.
Nazir deyib ki, Ermənistan Robert Köçəryanın prezidentliyi dövründə Kəlbəcər və Laçın rayonlarının on il müddətinə Azərbaycanın inzibati nəzarətinə qaytarılmasını təklif edib, Bakı isə o zaman bunun birillik müddətdə həyata keçirilməsini təkid edirdi.
"Serj Sarkisyanın prezidentliyi zamanı Yerevan danışıqların ilkin mərhələlərində müddəti yeddi ilədək azaltdı, Azərbaycan isə erməni qoşunlarının Kəlbəcər və Laçın rayonlarından üç il ərzində çıxarılması təklifi ilə çıxış etdi", - nazir deyib.
E.Məmmədyarovun sözlərinə görə, bu gün ATƏT-in Minsk qrupu həmsədrləri bu iki rayonun beş il müddətinə işğaldan azad olunmasını təklif edirlər və Azərbaycan bununla bağlı öz razılığını bildirib. E.Məmmədyarovun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqdakı son görüşü zamanı Rusiya münaqişənin həlli üzrə bir sıra təkliflər irəli sürüb, onların arasında Azərbaycanın Kəlbəcər və Laçın rayonlarının qaytarılması da var.
Nazir sülhməramlı qüvvələrin Dağlıq Qarabağ münaqişəsi zonasında yerləşdirilməsi haqda suala cavab verərkən xatırladıb ki, hələ ATƏT-in Budapeşt sammitində qəbul edilən qərara görə, sülhməramlı qüvvələr Minsk Qrupunun həmsədr ölkələrinə və ya region dövlətlərinə məxsus olmamalıdır.