Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) həm sədrliyinə, həm də baş nazirliyə əsas namizəd Əhməd Davudoğlunun namizədliyi irəli sürülüb. Mediada “bütün qonşu ölkələrlə münasibətləri pisləşdirən şəxs kimi” dəyərləndirilən Davudoğlunun namizədliyi parlamentdə təsdiqlənərsə, bu, Türkiyəyə nə verəcək?
Modern.az bu və digər suallarla tarix elmləri doktoru, politoloq Xaləddin İbrahimliyə müraciət edib.
–Əhməd Davudoğlu AKP-nin ideoloqlarından biridir. O, ölkəsinin xarici siyasətini müəyyənləşdirən əsas simalardandır. Son illərdə Türkiyənin ən populyar xarici işlər nazirlərindəndir. Partiyanın həyatında, strukturlarında ciddi dəyişikliklər olmayacaq. Ola bilər ki, AKP elitasında hansısa şəxslərin yeri dəyişsin. Çünki Ərdoğan iqtidarının xarici siyasətini müəyyənləşdirən bir adam kimi, partiyanın və hökumətin rəhbərliyinə gəlir. Bu çox ciddi məsələdir. Son illər xarici siyasətdə Türkiyə çox riskli addımlar atıb. Xarici İşlər Naziri olaraq atdığı riskli addımları, baş nazir olaraq ata biləcəkmi?
– Türkiyənin daxili və xarici siyasətində hansısa dəyişikliklər gözləməyə dəyərmi?
- Türkiyənin xarici siyasətində nəyinsə dəyişməsi çətin məsələdir. Çünki xarici siyasəti elə Davudoğlu özü hazırlayırdı. Partiya ideologiyasını da o hazırlayırdı. Yaxalarını nə qədər qırağa çəksələr də, bu ideologiyada islam faktoru böyük rol oynayırdı. İsrailə, müsəlman ölkələrinə münasibətin dəyişməsi, bütün bunların hamısı Davudoğlunun müəllifi olduğu konsepsiyanın təzahürləridir. Türkiyənin xarici siyasəti riskli siyasətdir. Türkiyənin ənənəvi rəqiblərini, yumşaq desək, xarici təhlükə mənbəyi siyahısından çıxartmaq, orada Yunanıstanı, Ermənistanı, Rusiyanı, ərəb ölkələrini yaxın tərəfdaş kimi tanımaq, İsraili strateji müttəfiq elan etmək əvəzinə təhlükə mənbəyi siyahısına daxil etmək, bu konseptual dəyişmələrdir. Rəsmi Ankaranın xarici siyasəti ona son illər Orta Şərqdə daha böyük problemlər yaradıb. Türkiyə ritorik olaraq xarici siyasətdə güclənir, amma felən Orta Şərqdə heç bir prosesdə iştirak edə bilmir. Gələcəkdə bu konsepsiyanın müəllifi bunu necə icra edəcək bilinmir. Onun konsepsiyasında ciddi səhvlər var.
– Türkiyə xarici siyasətlə bağlı “Qonşularla sıfır münaqişə” prizmasından çıxış edir. Amma Davudoğlu ölkə daxilində qonşularla münasibətləri pisləşdirən biri kim tanınır.
– Bunu birmənalı demək olmaz. Ermənistanla Türkiyənin münasibətləri yoxdur, bunu sıfıra endirmək istəyir. Suriya ilə Türkiyənin münasibətləri tarixən çox pis olub. İraqın ərazisindən PKK daim Türkiyəni təhdid edir. Bu ölkələrlə sıfır münaqişə üçün atılan addımlar fiaskoya uğradı. Tamamilə əks bir nəticəyə gətirib çıxardı. Bu mənada Davudoğlunun konsepsiyasının uğursuz olduğunu söyləmək olar. Əsas məsələ isə, ərəb dünyasına yönəlik strateji tərəfdaşlıq xətti yürüdüldü, İsraillə münasibətlər pisləşdi. Ərəb ölkələri Osmanlını çökdürən və daim Türkiyəyə mənfi münasibətdə olan, hətta PKK-nı maliyyələşdirən dövlətlər olublar. Bütün bu məsələlər İsraillə, Amerika ilə münasibətləri sərinləşdirdi.
– Davudoğlunun baş nazir olması, Türkiyəyə nə verəcək?
– Zəhmət çəksin xarici işlər naziri olanda pisləşdirdiyi münasibətləri, fiaskoya uğratdığı planları, indi daha geniş mövqeyə sahib olanda düzəltsin. Türkiyə yaxın gələcəkdə iki böyük çətinliklə üzləşəcək. Birincisi, indiki siyasəti davam etdirsələr, Türkiyə ətrafından daha çox təcrid olunacaq. İkincisi, Türkiyənin daxilində ideoloji qütbləşmə bir qədər də dərinləşəcək. Xarici siyasət ərəb dünyasına yönəldikcə, daxildə də fikir ayrılığı get-gedə artacaq. İslam amilinə dayaqlanıb xarici siyasəti aparmaq və ölkədəki fikir ayrılıqlarını nəzər almamaq yanlış siyasətdir. Ərdoğan “balkon danışması”nda maraqlı bir məqama toxundu. O dedi: “Bu seçimdə hər kəs qazandı, heç kim uduzmadı. Bütün Türkiyə, Bosniya, Şam, Yəmən qazandı”. Bir türk ölkəsinin adını çəkmədi. Qırğızıstan prezidenti yanında dura-dura onun da adını çəkmədi. Niyyət belədir ki, ancaq ərəb dünyası ilə maraqlanırlar. Türkiyə yaxın illərdə böyük təhlükələrlə üz-üzə qalacaq. Bunun nümunəsini Suriyada, İraqda, Suriyada gördük. İnanmıram ki, Türkiyə Kiprlə, Azərbaycanla əməkdaşlığı soyutsun. Amma onlar yalnız və yalnız ərəb ölkələrinə yönəliblər.– Türkiyənin yeni xarici işlər naziri kim ola bilər?
– Onu demək çətindir. Mənim tanıdığım şəxslər var idi, hazırda siyasətdən kənardadırlar. Suat Kılklıoğlu və Əli Babacanı nümunə kimi göstərə bilərəm. Amma yəqin ki, bunu da Davudoğlu müəyyənləşdirər.
Rüfanə GÜNƏŞ