İyulun 13-14-də Kresent Beach Hotelində “İnsan hüquqları və həbsxanalar sahəsində beynəlxalq standartlar” adlı təlim-seminar keçirilib. Azərbaycan Hüquqşünasları Konfederasiyası tərəfindən təşkil olunan bu tədbirin əsas məqsədi Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarına dəstək verməkdən ibarətdir. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Ədliyyə Nazirliyinin köməyilə keçirilən təlimdə cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının rəisləri, həmçinin “Məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakini təmin edən İctimai Komitə”nin üzvləri də iştirak ediblər.
Seminarın açılış mərasimində Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri Əli Hüseynov, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə polkovniki Hüseyn Əlixanov, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəsi Teymur Məlik-Aslanov çıxış ediblər.
Təlimdə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarları və məhkəmənin president hüququnun öyrəniləmsi sahəsində fikir mübadilələri aparılıb. Eyni zamanda, həbsxanaların işçi heyətinin və məhbusların hüquq və vəzifələrinə geniş toxunulub, Azərbaycanda aparılan məhkəmə hüquq islahatlarının tərkib hissəsi olan Penitensiar islahatlarda insan hüquqları üzrə maarifləndirmə proqramlarının vacibliyi qeyd olunub. Sonda iştirakçılara Ədliyyə Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı, Azərbaycan Hüquqşünasları Konfedersaiyası tərəfindən nəşr olunmuş əyani vəsaitlər, kitablar, broşuralar, jurnallar və bukletlər təqdim edilib.