Modern.az

“Meyxananın mənasını təhrif edirlər” – Əvəz Qurbanlı ilə irfan SÖHBƏTİ

“Meyxananın mənasını təhrif edirlər” – Əvəz Qurbanlı ilə irfan SÖHBƏTİ

22 Avqust 2014, 15:34


Modern.az-ın müsahibi Əvəz Qurbanlının klassik ədəbiyyata marağı hədsizdir. Özünün dediyinə görə, əruz vəzni ilə bağlı heç bir kitab oxumasa da, əruz onun canına hopub. Hətta 1 il Bakı Slavyan Universitetində əruz və klassik Şərq poetikasından mühazirə deyib. Elə məhz əruza bələd bir şəxs kimi Space TV-də “Sözümüz sözdür” meyxana yarışmasında baş münsif kimi iştirak edib.

 –Klassik ədəbiyyat nümunələrində kodlar altında gizli qalan məsələləri açmaq üçün hansı “açar”ları təqdim etmisiniz?

–Əlbəttə, bu, çox geniş bir söhbətin mövzusudur. Uzun əsrlərdən bəri böyük elm ocaqlarında irfan dərsi tədris olunur. Lakin maraqlısı da budur ki, irfan tədrislə öyrənilmir, mən deyərdim, təlimlə yaşanır. Ariflərlə filosofların fərqi budur ki, ariflər sirli mətləbləri bəsirət gözü ilə görür, filosoflar isə əqli dəlillərə əsaslanır. Bu fərqin meydana çıxdığı yerdə də yerdə yollar ayrılır. Qövsinin bir beyti burada yerinə düşər: Bəsirət əhli dəlil istəməz ki, kövnü məkan

Nişan ilən doludur, binişan ilən doludur...

Klassik poeziya haqqında yazılan elmi əsərlərdən bizə məlumdur ki, irfan şeri başdan-başa rəmzlərlə doludur. Bax, “kodlu informasiya” məsələsinin sirrini də burada axtarmaq lazımdır. Niyə arif şairlərimiz hansısa mətləbi açıq şəkildə izhar etmirdilər? Rəmzlə söz deməyə bir səbəb vardımı?
Səbəb vardı. Özü də bir yox, bir neçə səbəb vardı.
İlk səbəb o idi ki, bəsirət əhlinin gördüklərini zahiri gözlə baxanlar anlamayacaqdı. İkincisi, İlahi eşqin izahını vermək üçün zəngin bədii təsvir vasitələrinə müraciət etmək lazım idi ki, bu da irfan şerinin sadə adamlar tərəfindən anlaşılmasını çətinləşdirirdi. Üçüncüsü, ariflərə əyan olan bəzi mətləblər, sadə insanları çaşdıra, azdıra və qorxuda bilərdi; çünki sadə insanlar bu mətləbi aydın şəkildə görməyə hazır deyillər. Dördüncüsü, kodlaşmış informasiya təkcə həmin dövrün insanlarına yox, həm də gələcək nəslə hədəflənmişdi. Və bu kimi başqa səbəblər də ola bilərdi.
Hər bir halda, haqqında danışdığımız irfan şerindəki kodlu informasiyalar – İlahi həqiqətlər haqqında bəşəriyyətə ünvanlanmış xəbərdarlıq mesajları idi. Bəşəriyyət zaman-zaman öz varlığının səbəbkarı olan Uca Yaradanı unudur, Onun nemətlərinə şükr etmək əvəzinə şirk edir, azıb küfrə gedir, beləcə, Qiyamətə qədər möhlət verilmiş Şeytanın əsirinə çevrilir. Bununla da insan Yaradandan uzaqlaşır, İlahi dərgahdan aldığı informasiyalar getdikcə azalır.
Bu mövzuda yazdığım şeirlərin birindən bir beyt burada yerinə düşər:

Azıb nə küfrə getdin, ey Həqiqət axtaran bəşər,
Azaldı aldığın cavab, çoxaldı verdiyin sual...

Mənim özümün hansısa kodlar altında gizli qalan informasiyaların açarlarını təqdim edib-etməməyimə gəldikdə, belə cavab verməliyəm: belə gizli mətləblərin açarı yalnız irfan əhlinin əlində olar. İnşallah, o məqamı Allah bizə nəsib etsin ki, dünya alimlərinin elmi dəlillərlə sübut etdikləri mətləbləri biz bəsirət gözü ilə görək.
Ancaq bu da var ki, hətta ariflərə belə, gizli mətləblərin izharı yasaqdır.

-Milli düşüncəyə qayıtmaq, mənəviyyat pillələrini qət etmək üçün niyə klassik ədəbi metodlardan istifadə etmirik?


Azərbaycanda elmi müstəvidə klassik düşüncəyə qapı açmaq, Elmlər Akademiyasının qapısını bağlayaraq yüzlərlə “qalstuklu alim”dən imtina etmək deməkdi. İctimai müstəvidə isə çağdaş həyat tərzi ilə vidalaşmaqdı. Çünki mənəvi zənginliklə dolu olan bir həyat tərzi zahirpərəstliyi qətiyyən sevmir. Digər tərəfdən, bugünkü ədəbiyyat adamları klassik ədəbi metodlara bələd deyil. Bələd olanlar varsa da, nəzəri görüşdən uzağa gedə bilmirlər. Filoloq alimlərimizin çoxu klassik ədəbiyyatdan söz düşəndə ya susur, ya söhbəti dəyişir, ya da səthi, ümumi şəkildə informativ xarakterli danışmaqla kifayətlənirlər. Əzizlərim, klassik ədəbiyyatdan qaçmaq mümkün deyil. Nə qədər qaçsan, bir o qədər qarşına çıxacaq. Əgər ədəbiyyatımızı fırlanan kürəyə bənzətsək, hesab edək ki, klassika onun mərkəzindəki oxdur. Bunu dərk və qəbul etmək lazımdır. Filoloq alimlərimiz ad almaq yox, uğur qazanmaq istəyirlərsə, klassik Şərq poetikasının incəliklərinə dərindən bələd olmalıdırlar.

-Əruz özü-özlüyündə bir yaşantıdır. Daxili dünyadakı əhvalın xaricdəki təzahürüdür. Bizim əruzumuz əsrlər boyu hansı rəngdə olub?

-Bəli, əruz barədə söhbətlərimdə həmişə bu vacib amili vurğulamışam. Əruz – həyatın ritmidir. İncəliyinə vara bilsək, əruzun ritmik musiqisində çox möhtəşəm bir ilahi simfoniyanın ruhumuzu oxşadığını hiss edəcəyik. Bu gün ədəbi müstəvidə qəribə tendensiya var: kim əruzu öyrənməkdən, bu elmin dərinliyinə baş vurmaqdan qorxursa, başlayır əruzu pisləməyə, “ərəblərdən gəlib” deyərək hələ bir “köhnəlik” damğası da vurmağa. Bilirsiz nə qədər gülməlidi? Axı əruz dəqiq musiqi ritmlərindən başqa bir şey deyil. Mən mühazirələrimin birində əruzu dəqiq elmlər sırasına daxil etmişəm. Burada həqiqət var. Riyaziyyat da dəqiq elmdir, bu elmin əsasını qoyanlar da ərəblərdi. Onda gəlin riyaziyyatdan imtina edək. Onda gəlin cibimizin pulunu saymayaq ki, rəqəmləri ərəblər ixtira ediblər. Edə bilərikmi? Xeyr, mümkün deyil. Eləcə də əruz. Əgər riyaziyyat maddi ölçülərimizi hesablayırsa, əruz da ruhi vəziyyətimizin göstəricisidir. Amma təkcə bu da deyil. Əruz hər yerdədir; suda, havada, hər növ səsdə, ürək ritmlərinin qanunauyğun döyüntüsündə və bütün kainatda. Bunu sadəcə hiss etmək lazımdır. 

–Qəribədir; klassikaya, irfan şeirinə bu qədər yaxın olduğunuz halda, nəyə görə “şairlik pasportu”nda “milliyyətinizi” “satirik” olaraq göstərdiniz?

-Satira əslində çox ağır janrdır. Bəzilərinin düşündüyü kimi asan deyil. Desəm ki, elə məni satiraya klassika, irfan şeri gətirdi, təəccüblənməyin. Ədəbiyyatda satiranın missiyası nədir? Problemi kəskin gülüşlə, qərəzsiz tənqid etmək. Bəs satiranın hədəfi olan problemlər hansılardır? Yanlış təfəkkürdən və yanlış həyat tərzindən doğan problemlər. Bu problemlərin əksəriyyətinin kökündə, yuxarıda dediyimiz kimi, zahirpərəstlik dayanır. O zahirpərəstlik ki, bütün irfan ədəbiyyatı onun səbəbləri ilə vuruşur. Bu baxımdan yaradıcılıqda hardan-hara gəldiyim tam anlaşılan olar.
Satirik şairlər problem yaradan səbəbləri tapmaq, axının öz məcrasına qaytarmağa çalışırlar. Kəskin gülüş, hətta ironiya yolu ilə olsa belə. Hədəf birdir – doğrunu təyin etmək, haqqı təbliğ etmək.
Bilirsiz, satirik şairlərin içində ətrafdakı eybəcərliklərə qarşı kəskin kinayə var. Bu, şairin fitrətindən irəli gəlir. O, heç vaxt haqsızlığa göz yuma bilmir və heç vaxt riyakarlığa bəraət qazandırmağı bacarmır. Şairin ruhi halı təxminən belə olur: sanki zahiri aləmin soyuq riyakarlığı ilə daxili aləmin isti mənəviyyatı toqquşur və “şimşək çaxır” – bu şimşəyin adı satiradır...
Satira problemi bədii şəkildə deməyin ən uğurlu formasıdır.

–Meyxana sözünün mənası nədir? İndiki meyxana deyənlər hər dəfə o irfandan gələn “meyxanə” terminini təhqir etdikdə siz nə düşünürsünüz?

-Burada böyük bir faciə baş verməyib və məsələni çox qəlizləşdirmək lazım da deyil. Meyxana, bildiyiniz kimi, “mey” və “xana” sözündən olub, “mey içilən yer” deməkdi. Meyxanada təkcə mey içilmirdi, həm də çal-çağır olurdu, adamlar bura gəlib şənlənirdilər. Bir növ keçmiş insanların əyləncə yeri idi. Bugünkü bədahətən söz demək yarışına “meyxana” adının verilməsi sırf təsadüfdür. Meyxana həm də irfani istilahdır. Sadə insanlara hazır olmadıqları fikri çatdırmaq üçün işlədilən rəmzlərdən biridir. İrfan şerində də meyxana termini zahiri mənada həmin mey içilən yer anlamındadır. Lakin batini mənada müqəddəs şəxslərin məqamına işarədir. “Mey” sözünün ərəb qrafikası ilə yazılışı əbcəd hesabı ilə 14 rəqəmini verir. Bu rəqəm də bildiyiniz kimi 14 məsuma işarədir. İrfan şerində “meyxana” ifadəsinə rast gəlsən, başa düşürsən ki, söhbət 14 məsumdan gedir. Bütün bu mətləblərdən agah olan şəxslər bugünkü bəzi bayağı söz güləşmələrini aparıb irfana bağlamağın nə qədər mənasız olduğunu yaxşı başa düşürlər. 

–İrfan ədəbiyyatına qayıdış bugünkü düşüncəyə nə kimi töhfələr verə bilər?

-Fikrimcə, bu mövzu barədə yuxarıda bəhs etdik. Əgər biz irfan ədəbiyyatına qayıda bilsək, milli təfəkkürümüzdə intibah dövrü başlanacaq. Lakin irfan ədəbiyyatına qayıdış, səsləndiyi qədər asan məsələ deyil. Bunun üçün şərait lazımdı. Ən əsası  cəmiyyətin özü buna hazır olmalıdır. Qayıdış, özü-özlüyündə prosesdir. Proses başlansa, yol qət ediləcək. Burada şirin xəyal aşı bişiririk, ancaq ədəbi mühitdə tam başqa əhval-ruhiyyə mövcuddur. Təsəvvür edin, biz burada irfani düşüncə tərzinin, irfan ədəbiyyatının gözəlliyini duymağa çalışırıq, amma digər ədəbi çevrələrdə “postmodernizm”, “ağ şeir”, Avropa ədəbiyyatı, nə bilim, daha nələr müzakirə olunur. Bu yolçuluğun sonunda hansı mənzil var? Mənasızlıq, mücərrədlik, fikir azğınlığı, ədəbi-bədii zövqün tamamilə sıradan çıxması...
Bizə bu lazımdırmı?

Elmin Nuri
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi